12 minə yaxın insanın yolu yenidən qurulur - FOTOLAR


15:01     30 Mart 2018 2018/03/1522388856dsc-0003_3044786752.jpg

Ağdaş rayonunda Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu yenidən qurulur.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, yolun uzunluğu 33 kilometrdir və 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.



"Avtomobil yolu uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğrayıb, yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşüb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanmasına baxmayaraq artıq sadalanan problemlər aradan qaldırılıb. Çünki yol boyu torpaq işləri bitən ərazilərin asfaltlanması işləri aparılır", - deyə məlumatda vurğulanıb.



Yolun 7 kilometrlik hissəsinə 2 qat olmaqla, yəni laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 km-lik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür.

Layihəyə uyğun olaraq yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.

Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşüb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, istismar üçün yararsız vəziyyətə düşüb. Bu səbəbdən yol boyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 670 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.



Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,4 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Həmçinin, yol boyu istismara yararsız körpü məhəccərləri kəsilərək əvəzinə yeniləri quraşdırılır.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 220 ədəd yol nişanı və məlumatverici lövhə, 450 ədəd isə siqnal dirəkləri quraşdırılacaq, 97 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində 10 yaşayış məntəqəsinin 12 minə yaxın əhalisi Ağdaş rayon mərkəzinə, ordan da M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.

Femida.az

Açar sözlər: #Yenidənqurma   #Yol   #Təmir  

Oxunub: 723