Bakıda bankomatı “laqonda” ilə kəsib 174 min manat apardılar


16:14     09 Aprel 2018 2018/04/bmaskali_1523262023.jpg

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.


Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən Femida.az-a verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb.

Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb.

Onun bildirdiyinə görə, əleyhqaz taxmış oğrular Vergilər Nazirliyinin yaxınlığında yerləşən bankomat aparatını elektrik mişarla kəsərək 173 min manatı oğurlayıblar: “Şəxsi xəbərdir və dəqiqidir. Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı Kapital bank bankomatını iki nəfər “laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb. Onların üzlərində əlehqaz olub. Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, “sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq.

Əsas məsələ odur mühafizəçi o qədər hazırlıqsız və sadəlöhv olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar, pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır...Bu arada deyim ki, oğrulara məətəl qalmışam, oğrulara!.. Adamlarda ürəyə bax, ərazi kamera, rəsmi dövlət qurumları ilə dolu, günün tən ortasında, bankomatı sanepidemstansiya əməkdaşı adıyla “laqonda”yla yar, uf da eləmə?.. Adam nə gülə bilir, nə ağlaya...”

Femida.az

Açar sözlər: #Bank   #əleyhqaz   #Polis  

Oxunub: 2254