Nümayəndəlik institutunun ləğvi bizə nə verdi? – Vəkillər danışır


17:38     10 Aprel 2018 2018/04/vekiller-femida_1523353250.jpg

2017-ci ilin dekabrın 1-dən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə edilən köklü dəyişikliklər hüquq sistemində aparılan növbəti islahatların davamı kimi qiymətləndirilir.


Məlumat üçün bildirək ki, dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilmir.

Bəs qeyd olunan bu islahatların nəticəsi nə olub? Vəkillər Kollegiyasına üzv olmaq üçün hüquqşünasların hazırlıq mərhələsi necə gedir?

Mövzu ilə bağlı Femida.az –ın suallarını cavablandıran Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov görülən işlərdən və əldə olunan nəticələrdən danışıb. Onun sözlərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının tarixində ilk dəfə olaraq vəkillərin sayı 1000-i keçəcək.

“ Bildiyiniz kimi ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamından sonra bu sahədə xeyli canlanma baş verdi. Biz ilkin mərhələdə Vəkillər Kollegiyasının üzvlərinin sayının artırılması məqsədi ilə sənəd qəbuluna başladıq. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilməkdədir.

Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan 100 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib. Qeyd olunmalıdır ki, şifahi müsahibələrin nəticələri hər 100 nəfərdən bir açıqlanacaq.




İmtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 87 nəfər vəkilliyə namizəd aprel ayının 2-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.

1 ayadək davam edəcək icbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.Bir məlumatı da qeyd edim ki, Azərbaycanda ilk dəfə olaraq Kollegiyaya üzv olan vəkillərin sayı 1000 nəfəri keçəcək. Bu isə bir ilkdir.”

Anar Bağırov imtahan sualların asanlığı barədə də danışıb. Onun sözlərinə görə, burada məqsəd daha çox namizədin uğur qazanmasını təmin etməkdir.

“ Biz əvvəlki illərlə müqayisədə bu il imtahan suallarını daha asan saldıq.Bu isə daha çox hüquqşünasın uğurlu nəticə əldə etməsinə səbəb oldu. Bundan sonraki mərhələdə də sualların əksər faizini asan kateqoriyaya aid olanlar təşkil edəcək.Artıq tələb olunan şərtləri yerinə yetirən namizədlər məlumdur. Onların təntənəli surətdə vəkil andiçməsi baş tutacaq və onlara vəsiqələr təqdim olunacaq. Onu da qeyd edim ki, bu da Azərbaycan Vəkillər Kollgiyası tarixində ilk belə böyük tədbir olacaq. Hələ qarşıda daha böyük və möhtəşəm işlər var. Bütün bunlar ölkə Prezidentinin tapşırığı ilə hüquq-mühafiə sistemində aparılna geniş islahatların tərkib hissəsidir,” deyə Anar Bağırov bildirib.

Femida.az mövzu ilə bağlı vəkillərin də münasibətini öyrənib.

Vəkil Tural Süleymanov qeyd edib ki, vəkillərin təhkim olunduğu müəyyən qurum, yəni Vəkillər Kollegiyası olduğu üçün vəkillərlə işləmək də etibarlıdır.




“Nümayəndəliyin fəaliyyətinin məhdudlaşdırılmasından öncəki dövrdə bəzi nümayəndələr tərəfindən yalan vədlər verməklə keyfiyyətsiz hüquqi yardım, yaxud ümumiyyətlə hüquqi yardımın göstərilməməsi hallarına rast gəlinirdi. Təbii ki, bunu bütün nümayəndələrə aid etmək olmazdı. Onların arasında da kifayət qədər dürüst, peşəkar ve işini vicdanla yerinə yetirən şəxslər var.

Vəkillər arasında isə belə hallar yox dərəcəsindədir. Çünki vəkil daha ixtisaslaşmış şəxsdir və professional hüquqi yardım göstərilməsi baxımından daha peşəkar sayılır.
Vəkillərin təhkim olunduğu müəyyən qurum, yəni Vəkillər Kollegiyası olduğu üçün vəkillərlə işləmək də etibarlıdır. Çünki vəkil müştəriyə qarşı hər hansı məsuliyyətsizlik edərsə, ən azından müştəri Vəkillər Kollegiyasına şikayət edə bilər. Bu zaman isə Kollegiyanın İntizam Komissiyası məsələni araşdırır.
Eyni zamanda vəkillə müqavilə müqavilə bağlamağın üstünlüklərindən biri də Vəkillərin Sığorta Fondunun olmasıdır. Tutaq ki, hər hansı vəkil keyfiyyətsiz hüquqi yardım göstərərsə, yaxud ümumiyyətlə hüquqi yardım göstərməzsə və müştərinin pulunu geri qaytarmaqdan imtina edərsə, bu zaman vətəndaş Kollegiyaya müraciət edə bilir. Bu halda Vəkillərin Sığorta Fondu vasitəsilə müştərinin pulunu geri ödənilir. Sonradan reqress qaydada məhkəmə vasitəsilə pul vəkildən tələb edilir.

Mövzu ilə bağlı vəkil Asif Abdullayev münasibət bildirərkən qeyd edib ki,bu gün ölkədə vəkillik fəaliyyətinin səmərəliliyini, etimadını və nüfuzunun artırılması istiqamətində ciddi addımlar atılır.

“Dövlət hesabına təyin olunan vəkillərin saatlıq ödənişinin artırılması, nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkilliyə qəbulla bağlı prosedurların nisbətən sadələşdirilməsi, kollegiyanın müasirləşməsi, gənc kadrlara etimad göstərilməsi, vəkillər kollegiyasının internet saytının və feysbuk səhifəsinin fəaliyyətə başlaması və sair ciddi və səmərəli addımları sadalamaq olar.

Bir müddət öncə nümayəndəliyin məhdudlaşdırılması barədə qanunvericiliyə edilmiş dəyişiklikləri də müsbət və zəruri addım kimi dəyərləndirirəm.



Bu məhdudiyyətə qədər, istənilən şəxs nümayəndə qismində məhkəmədə vətəndaşı təmsil edə bilirdisə, dəyişiklikdən sonra buna məhdudiyyət qoyuldu. Hazırda yaxın qohumlar və vəkillər təmsil etmək səlahiyyətinə malikdir. Hüquqi şəxsləri isə, əlavə olaraq onların işçiləri təmsil edə bilir.
Vətəndaş ən azından bilir ki, bundan sonra o yalnız vəkilə müraciət edə bilər. Vəkil isə, ən azından qanunla müəyyən edilmiş minimal tələblərə cavab verən şəxsdir. Bu o deməkdir ki, vəkil olan şəxs ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik və iki mərhələli imtahandan müvəffəqiyyətlə keçmiş şəxsdir. Bir sözlə, vətəndaş vəkilə müraciət edərkən, əmin ola bilər ki, həmin şəxs ali savadlı hüquqşünasdır və zəruri biliklərə malikdir.
Hətta bəzi şəxslər bu addımı mənfi cəhətdən xarakterizə etmək üçün, güya nümayəndəliyin məhdudlaşdırılmasından sonra vəkillər xidmət haqqlarını artırıblar və aztəminatlı şəxslər bundan əziyyət çəkirlər, hüquqları müdafiəsiz qalır. Mən bu fikirlə qətiyyən razı deyiləm. Bu fikirdən belə nəticə çıxır ki, güya nümayəndəlik məhdudlaşdırılana qədər, nümayəndə kimi fəaliyyət göstərən bəzi şəxslər yalnız xeyriyyəçiliklə məşğul olublar və vəkilin 500 manata gördüyü işi, onlar 50 manata görüblər. Bu real deyil. Elə nümayəndələr olub ki, əksər vəkillərdən çox pul qazanıblar.

Düşünürəm ki, bu gün tam şəffaf şəraitdə vəkilliyə qəbulla bağlı imtahanlar keçirilir. Biliyinə arxayın olan və qanunun tələblərinə cavab verən hər kəs imtahana qatıla bilər. Heç əvvəlki kollegiya rəhbərliyinin dövründə də mən imtahanda hansısa qərəzli münasibət barədə eşitməmişdim. Özüm də əvvəlki rəhbərliyin dövründə imtahandan keçmişəm və hansısa süni və qərəzli maneələrlə rastlamamışam.

Nümayəndəlik məhdudlaşdırılandan sonra, şəxsən mən, vəkil olaraq xidmət haqqımı artırmamışam, qiymətlərdə heç bir dəyişiklik olmayıb. Bilirsiniz ki, Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, vəkil xidmət haqqını təyin etməkdə sərbəstdir və bu məbləği heç kəs məhdudlaşdıra bilməz. Buna baxmayaraq, şəxsən mən göstərdiyim hüquqi yardım üçün qiyməti artırmamışam.

Nəzərə almaq lazımdır ki, konstitusiyanın 61-ci maddəsinin birinci hissəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bu hüququn reallaşdırılması üçün atılan vacib addımlardan biri vətəndaşların məhkəmələrdə yalnız vəkil tərəfindən təmsil edilməsi şərtidir.
Hətta qədim roma dövründə, vəkil kimi fəaliyyət göstərmək istəyən şəxslərin bilikləri yoxlanılırdı və həmin şəxslərin adları siyahıya alınırdı. Vəkil kimi yalnız bu siyahıda adı olan şəxslər fəaliyyət göstərə bilərdilər.
Müasir dövrdə də, əksər ölkələrdə vətəndaşları məhkəmələrdə yalnız vəkillər təmsil edir. Bəzi ölkələrdə hətta hüquqi məsləhəti də yalnız vəkil verə bilər.
Bu yaxınlarda vəkil olmaq və yaxud prokurorluqda xidmətlə bağlı seçim edən bir hüquqşünasla həmsöhbət oldum. Həmin şəxs çox da tərəddüd etmirdi. Vəkilliyə böyük ümidlər bağladığını bildirərək, qətiyyətlə vəkil olmaq qərarına gəldiyini bildirdi.
Düşünürəm ki, bu gün tam şəffaf şəraitdə vəkilliyə qəbulla bağlı imtahanlar keçirilir. Qeyd etmək istəyirəm ki, mən əvvəlki rəhbərliyin dövründə imtahanlardan keçib vəkilliyə qəbul olunmuşam. O dövrdə də, mən imtahanda hansısa qərəzli münasibət görməmişəm.
Son məlumata görə, artıq sənəd qəbulu hər zaman açıq olacaq və müəyyən sayda namizəd toplandıqdan sonra imtahan keçiriləcək. Vəkillərin sayının artırılması istiqamətində bu çox müsbət addımdır.

Bü gün vəkillər kollegiyasına böyük etimadım və ümidlərim var. Gənc və müasir kollektiv öz bəhrəsini verir artıq. Zamanla ayaqlaşmaq lazımdır. Bu gün elə bir zəmanədir ki, konfedensial olmayan istənilən məlumatı internet vasitəsi ilə əldə edə bilməlisən. Bu gün kollegiyamızın saytı və feysbuk səhifəsi fəaliyyət göstərir. Bu həm vəkillər üçün, həm də vətəndaşlar üçün çox faydalıdır. Saytda vəkillərin reyestri mövcuddur. Vətəndaş həmin reyestrdə istənilən şəxsin adını yoxlayaraq, onun vəkil olub-olmadığını müəyyən edə bilər.”


Mircəlal Məcidli
Amin Nəzərli
Femida.az

Açar sözlər: #Vəkil   #Hüquqşünas   #Anar_Bağırov   #Asif_Abdullayev   #Tural_Suleymanov   #Hüquq  

Oxunub: 4905