Hüquqşünasların nəzərinə! Sənəd qəbulu başlayır


00:18     14 Aprel 2018 vekil%20koleg.jpg

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.

Femida.az -a daxil olan məlumata görə,bu Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, 16 aprel 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvü olmaq istəyən şəxslərin sənədlərinin qəbuluna başlanılır. Qeyd edilməlidir ki, bundan sonra vəkil olmaq istəyən şəxslərin sənədlərinin qəbulu daimi əsaslarla həyata keçiriləcəkdir.

İxtisas imtahanlarında iştirak etmək arzusunda olan şəxslər Sənəd Qəbulu Komissiyasına təqdim olunmalı sənədlərin siyahısını, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərizənin nümunəsi və formasını, tərcümeyi hal və kadrların şəxsi məlumat vərəqəsinin formasını və əqli cəhətdən sağlamlıq barədə tibbi arayışın nümunəsini Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasına gəlmədən, Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsindən (http://barassociation.az/recruitment#docs) əldə edə bilərlər.

Vəkillər Kollegiyası vəkil olmaq arzusunda olan və qanunvericiliklə müəyyən edilmiş tələblərə (http://barassociation.az/recruitment#reqs) cavab verən şəxsləri müvafiq sənədlərini Sənəd Qəbulu Komissiyasına təqdim edərək ixtisas imtahanlarında iştirak etməyə dəvət edir.

Femida.az

Açar sözlər: #Vəkil   #hüquqşünas  

Oxunub: 1403