Müştərini aldadan saxta “vəkil”ə hökm oxundu – 5 il HƏBS


16:45     29 Aprel 2018 Mehkeme-zali-qandalli.jpg

Özünü vəkil kimi təqdim edərək dələduzluqda təqsirli bilinən Zəngilan rayon sakini, 1961-ci il təvəllüdlü Ağa Sayılovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az teleqraf.com-a istinadən xəbər verir ki, ittihama görə, Ağa Sayılov Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində məhkum Rәfail Xəlilova özünü vəkil kimi təqdim edib. O, Rәfaili şəxsi əlaqələrindən istifadə edib, vaxtından əvvəl azad edilməsinə kömək göstərəcəyinə inandırıb.

Ağa Sayılov Rәfail Xəlilovun tapşırığı ilə 2015-ci ilin avqustun əvvəllərində onun ailə üzvlərinin yaşadığı Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən evinə gəlib. O, Elnur Xəlilova qardaşını həbsxanadan vaxtından əvvəl azad etdirəcəyinə söz verib, bunun üçün 5000 manat pul lazım olduğunu bildirib.

Ağa Sayılov həmin pulu alaraq, dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, o, Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində dustaq Şakir Hüseynova da özünü vəkil kimi təqdim edib, onun vaxtından əvvəl azad edilməsi məsələsini həll edəcəyinə inandırıb. Bunun üçün ondan 15000 manat pul istəyib.

Ağa Sayılov həmin pulu ələ keçirmək üçün Şakir Hüseynovun oğlu Tural Hüseynov görüşüb və atasının həbsdən azad edilməsi məsələsini danışıb.

O, Tural Hüseynovdan 2015-ci ilin avqustun ortalarında Nərimanov rayonu ərazisində, “İstanbul” çayxanasında 1000 manat, 2015-ci ilin oktyabr ayının əvvəllərində Xətai rayonu ərazisində, Ali Məhkəmənin inzibati binasının yaxınlığında 12000 manat, sonuncu dəfə, 2015-ci ilin oktyabr ayının ortalarında Sumqayıt şəhərində, köhnə avtovağzal deyilən yerdə 2000 manat pul alıb.

Ağa Sayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Sayılov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Ağa Sayılov apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 32, 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsinə tövsüf edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edilməsini xahiş edib. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.



8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Ağa Sayılov qanunda edilən dəyişiklikdən yararlanmaq məqsədilə cəzasının yüngülləşdirilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə yenidən müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası önünə çıxarılan Ağa Sayılov qanunda edilən dəyişiklikdən sonra cəzasının azaldılmasını, əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsinə tövsif edilməsini istəyib.

O, zərərçəkmişlərin 13 min manatını ələ keçirməkdə ittiham edilirdi və qanunda dəyişiklik edilmədən öncə bu məbləğ külli miqdar sayılırdı. Qanunda edilən dəyişiklikdən sonra külli miqdar 50 min manat və daha yüksək məbləğdir.

Məhkəmə Ağa Sayılovun müraciətinə baxıb və onun əməli 178.2.2-ci maddəyə tövsif edilib. Ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bu qərardan narazı qalan Ağa Sayılov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Ağa Sayılovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ağa Sayılovun apelyasiya şikayəti təmin edilməyib.

Açar sözlər: #vəkil   #məhkəmə   #hüquq  

Oxunub: 2728