33 qəzetə maliyyə yardımı ayrıldı - Siyahı


22:55     29 İyun 2018 18_06_29_1530280234.jpg


İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.

1. Fondun 2018-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi;

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin müzakirəsi və təsdiqi;

3. Cari məsələlər.
Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.

Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.

Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov - sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.

2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti

Qəzetlər

Təklif olunan məbləğ

1. "Kaspi” qəzeti - 60 000
2. "Yeni Azərbaycan” qəzeti - 60 000
3. "Səs” qəzeti - 60 000
4. "Mövqe” qəzeti - 60 000
5. "Ədalət” qəzeti - 60 000
6. "525-ci qəzet” - 60 000
7. "Bakı-Xəbər” qəzeti - 60 000
8. "Yeni Müsavat” qəzeti - 60 000
9. "Kaspiy" qəzeti - 60 000
10. "Ekspress” qəzeti - 60 000
11. "Palitra” qəzeti - 60 000
12. "Paralel” qəzeti - 40 000
13. "Həftə içi” qəzeti - 40 000
14. "Azad Azərbaycan” qəzeti - 40 000
15. "Şərq” qəzeti - 40 000
16. "Xalq Cəbhəsi” qəzeti - 40 000
17. "Futbol+Qol” qəzeti - 40 000
18. "Bizim Yol” qəzeti - 40 000
19. "Olaylar” qəzeti - 40 000
20. "Novoye Vremya” qəzeti - 30 000
21. "Futbol+” qəzeti - 30 000
22. "Üç Nöqtə” qəzeti - 30 000
23. "Azernews” qəzeti - 30 000
24. "Unikal” qəzeti - 20 000
25. "Olimpiya Dünyası”qəzeti - 20 000
26. "Oxu məni” qəzeti - 20 000
27. "Hürriyyət" qəzeti - 20 000
28. "Reytinq" qəzeti - 9 000
29. "Təhsil Problemləri" qəzeti - 9 000
30. "The Business Times" qəzeti - 9 000
31. "Hərbi And" qəzeti - 9 000
32. "Türküstan" qəzeti - 9 000
33. "İqtisadiyyat" qəzeti - 9 000

CƏMİ 33 Redaksiya - 1.234.000

Açar sözlər:

Oxunub: 885