Qırğızıstan prezidenti Türk Akademiyasının prezidentini qəbul edib


22:47     05 İyul 2018 2018/07/tvesco-3_1530796754.jpg

Qırğız Respublikasının prezidenti Soronbay Jeenbekov Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəlini qəbul edib.



Beynəlxalq Türk Akademiyasından Femida.aza verilən məlumata görə, prezident Soronbay Jeenbekov TWESCO-nun apardığı genişmiqyaslı tədqiqatlar, keçirdiyi konfrans və simpoziumları diqqətlə izlədiyini qeyd edib.

O bildirib ki, türkdilli xalqların irsi, yaradıcılığı və mədəniyyətinin, ədəbiyyatının qorunması çox böyük əhəmiyyət kəsb edir. TWESCO bu yöndə geniş miqyaslı layihələr həyata keçirməklə həm də bu irsi yaşatmış və qorumuş olur. Bu irsin içərisində həm də qırğız xalqının mədəni və tarixi abidələri qorunur.

Qırğızıstan prezidenti eyni zamanda Darxan Kıdırəlinin türk xalqlarının qədim tarixi haqqında yazdığı dəyərli məqalələrdən də söz açaraq, "Manas” eposuna və Çingiz Aytmatovun yaradıcılığına ayrılan diqqətdən məmnun qaldığını bildirib. O qeyd edib ki, qədim irsə olan münasibət türk xalqlarını daha da yaxınlaşdırır və onların inteqrasiyasına yol açır. Prezident Beynəlxalq Türk Akademiyasını tərəfindən ötən iki il ərzində qırğız xalqının ədəbiyyatı, folkloru, ənənələri barədə dərc edilən 20-dən artıq əsəri də türk dünyasına böyük töhfə hesab etdiyini deyib. "İnanıram ki, Sizin rəhbərlik etdiyiniz Türk Akademiyası türk xalqları arasında dostluq və qardaşlıq körpüsü olmaqda davam edəcək, və bizim əlaqələrimizi genişləndirəcək” - deyə Soronbay Jeenbekov qeyd edib.

TWESCO prezidenti Darxan Kıdırəli Beynəlxalq Türk Akademiyasının həyata keçirdiyi layihələr haqqında məlumat verərək bildirib ki, Parisdə UNESCO-nun Baş Qərargahında, Astana, Bişkek və Daşkənd şəhərlərində Çingiz Aytmatovun 90 illik yubileyi və qırğız ədəbiyyatının şah əsəri olan "Manas” dastanın təqdimatları keçirilib. "Elmin sərhədi olmur” deyən Darxan Kıdırəli vurğulayıb ki, Beynəlxalq Türk Akademiyası dünyanın bir çox ölkələrində tanınmış beynəlxalq təşkilatlarla birlikdə türk dünyasının təbliği üçün əlindən gələni edir. Akademiya rəhbəri qəbul üçün Qırğızıstan prezidentinə təşəkkürünü çatdırıb.

Görüşdə Qırğız Respublikasının prezidentinə ərəb mənbələrindən əldə olunan və ərəb əlifbası ilə yazılan qədim "Manas” dastanının əlyazması və Altay dağlarının 3000 metr hündürlüyündən tapılmış "Kıl Kıyık” – "Qıl Kaman” hədiyyə edilib.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının ortaq qərarı ilə yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 535