Erməni futbolçular Bakıya buraxılacaqmı? - ARAŞDIRMA


15:40     03 Sentyabr 2018 2018/09/mki_1535959930.jpg


UEFA Avropa Liqasının püşkatması “Qarabağ”ı heyətində erməni futbolçu olan 2 fərqli klubla rəqib etdi. Ağdam təmsilçisi müvafiq olaraq oktyabrın 4-də və 25-də Bakıda “Arsenal” (İngiltərə) və “Vorskla” (Ukrayna) klubları ilə qarşılaşacaq. “Arsenal”ın heyətində Henrik Mxitaryan, “Vorskla”da isə Geqam Kadimyan adlı erməni futbolçular forma geyir. Bəs bu futbolçular Bakıya buraxılacaqmı?

UEFA reqlamentinə əsasən, mövsüm başlamamış, klublar iştirak ərizələrini rəsmi şəkildə quruma təqdim edir. Matçdan bir neçə gün öncə isə rəqib meydana aparacağı oyunçuların adları UEFA-ya göndərilir. Düzdür, bu qaydalara əsasən, hər iki klubun öz futbolçusunu başqa ölkəyə aparmaq hüququ var. Amma ortada siyasi faktor varsa, hər bir dövlət adı “arzuolunmaz şəxslər” siyahısında olan şəxsi öz sərhədlərindən buraxmamaq səlahiyyətinə malikdir.

2015-ci il və yenə Mxitaryan

Avropa Liqasının 2015/2016 mövsümündə də analoji hal yaşanmışdı. O vaxt Almaniyanın "Borussiya" (Dortmund) komandası “Qəbələ” ilə eyni qrupda yer almışdı. Həmin dövrdə isə Mxitaryan məhz “Borussiya”nın futbolçusu idi. “Borussiya” Mxitaryanın Azərbaycana buraxılmayacağını əvvəlcədən yəqin etdiyi üçün Bakıdakı matç üçün iştirak ərizəsinə erməninin adını salmamışdı.

Həmin dövrdə Azərbaycanın Almaniyadakı səfirliyi də məsələyə reaksiya vermişdi: “Azərbaycan Respublikasının "arzuolunmaz şəxslər"in siyahısına milliyyətindən və ya peşəsindən asılı olmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə Azərbaycanın hakimiyyət orqanları ilə əvvəlcədən əldə edilmiş müvafiq razılıq olmadan səfər edən və Azərbaycan Respublikası qanunlarının aliliyini və ərazi bütövlüyü prinsiplərini pozan şəxslər daxil edilir”.



Qeyd edək ki, həmin dövrdə UEFA rəhbərliyi Mxitaryanın Bakıdakı oyuna aparılması üçün səy götərmişdi. Hətta məsələyə Rusiya Futbol İttifaqının (RFİ) erməni əsilli prezidenti Nikita Simonyan da müdaxilə etmişdi. O Rusiya mediasına bildirmişdi ki, Mxitaryan Azərbaycana buraxılmaldır:

"Əgər idman qanunlarının dili ilə danışsaq, Azərbaycan tərəfi Henrix Mxitaryanın ölkəyə girişinə icazə verməyə məcburdur. Əgər oyunçunu "Qəbələ" - "Borussiya" oyununa buraxmırlarsa, onda Henrix Mxitaryanın özü və ya klub UEFA-ya müraciət etməlidir. Qarşı tərəfin Henrix Mxitaryana öz klubu ilə Azərbaycanda oynamağa qadağa qoyması üçün heç bir qanuni əsası yoxdur. Əgər rəsmi Bakı qarşı çıxarsa, onda bu, futbol qanunlarının kobud pozulması olacaq. Mxitaryanın bu matça siyasi səbəblərə görə buraxılmaması heç bir məntiqə sığmır".
Lakin Azərbaycan dövləti qətiyyətini ortaya qoymuş və Henriki heç bir halda ölkəyə buraxmayacağını bildirmişdi.



Erməni hərbçilərinin ailələrinə yardım edən Mxitaryan

Mxitaryanın Azərbaycanda arzuolunmaz şəxs qismində tanınması əbəs yerə deyil. Belə ki, erməni futbolçu dəfələrlə Dağlıq Qarabağ ərazilərinə səfər edib. Erməni əsilli rusiyalı jurnalist Ararat Mamberyan araşdırmasında göstərmişdi ki, Mxitaryan hələ 2009-2012-ci illərdə Ukraynanın "Şaxtyor” klubunda çıxış edərkən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə, Xankəndi şəhərinə dəfələrlə qanunsuz səfərə gedib. Erməni jurnalist yazırdı ki, səfər xeyriyyə məqsədi ilə həyata keçirilib:



"Artsaxda (Dağlıq Qarabağda – red.) olarkən Mxitaryan hər dəfə erməni ailələrinə soyuducu, paltaryuyan maşın, televizor hədiyyə edib. Həmçinin Henrix bölgələdə futbolun populyarlaşmasına dəstək olub”.

Yazıdan aydın olur ki, Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan bölgədə futbola verdiyi dəstəyə və həyata keçirdiyi xeyriyyə aksiyasına görə Henrik Mxitaryana təşəkkür edib və onu "xalq müdafiəçisi” adlanan ordenlə təltif edib.

Qeyd edək ki, Mxitaryan hər dəfə bu yardımları Yeni il ərəfəsində edib. Henrik tərəfindən Azərbaycan torpaqlarının işğalında rol oynayan hərbçilərin ailələrinə də yardım edilib.
"Növbəti aksiya zamanı Artsaxın (Dağlıq Qarabağın – red.) “işğaldan azad olunmasında” (?) iştirak etmiş hərbçilərin ailələrinə yardım göstərilib. 21 ailəyə məişət avadanlıqları təqdim olunub. Mxitaryan onlara öz avtoqrafı ilə top da hədiyyə edib. Ümumiyyətlə, ulduz futbolçular üçün öz vətəninə kömək etmək normal haldır” – deyə yazıda qeyd olunub.



Beləliklə, erməni jurnalistin yazısında da təsdiq olunur ki, Mxitaryan Qarabağ müharibəsi zamanı Azərbaycan ordusuna qarşı döyüşən erməni ailələrinə dəfələrlə yardım edib. Bundan başqa, onun bu səfərlər zamanı Dağlıq Qarabağın separatçı rejiminə maddi dəstək verməsini də istisna etmək olmaz. Çünki bu günə qədər separatçı rejimin dünyada məşhur və varlı olan ermənilərdən maddi dəstək aldığı sirr deyil.

Başqa bir mənbənin məlumatına görə osə, Mxitaryan 2012-ci ilin dekabrında Qarabağda olub. Həmin vaxt Henrix Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan başda olmaqla bir qrup federasiya rəsmləri ilə Dağlıq Qarabağa - Xankəndinə səfər edib. O, uşaq evində olub və müharibə zamanı Azərbaycan ordusuna qarşı vuruşmuş erməni veteranlarına öz şəxsi hesabına bir çox məişət avadanlıqları hədiyyə edib”.



Geqam Kadimyanın taleyi necə olacaq?

Mxitaryandan fərqli olaraq Geqam Kadimyanın adı Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısına daxil deyil. Başqa sözlə desək, 26 yaşlı futbolçu Mxitaryandan fərqli olaraq siyasi proseslərdən kənar durub.
Azərbaycan dövləti hər zaman humanist prinisplərə sadiq qaldığını nəzərə alsaq, onun “Vorskla”nın heyətində Bakıya gəlməsində problem olmayacaq. Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi bir çox mötəbər idman yarışlarında, eləcə də 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında bir çox erməni idmançı iştirak edib. XİN isə bu idmançıların heç birinə qadağa qoymayıb. Çünki onlar Mxitaryan kimi beynəlxalq hüquq normalarını pozub Dağlıq Qarabağ ərazisinə səfər etməyiblər.

“Arsenal”dan reaksiya

"Arsenal” Avropa Liqasının qrup mərhələsinin "Qarabağ”la oyunu üçün Bakıya gəlib-gəlməyəcəyi müzakirə olunan erməni futbolçu Henrix Mxitaryanla bağlı bəyanat yayıb. London klubu öz bəyanatında oyunçularının təhlükəsizliyinin onlar üçün əsas prioritet olduğunu vurğulayıb:

"Oyunçularımızın, işçilərimizin təhlükəsizliyi və mühafizəsi bizim üçün hər zaman əsas məsələdir. Vəziyyəti müzakirə etdikdən, futbolçu ilə danışdıqdan sonra yekun qərarımızı verəcəyik”.

Bu isə o deməkdir ki, çox güman ki, “Arsenal” da 2015-ci ildə “Borussiya”nın etdiyi kimi edəcək. Onlar Bakıdakı matça Mxitaryanı gətirməyəcəklər. Çünki heç bir halda onun Azərbaycana girişi mümkün olmayacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #erməni   #futbol   #Qarabağ   #idman   #Mxitaryan   #UEFA  

Oxunub: 3836