Xorvatiya prezidenti: "Azərbaycanı mühüm strateji tərəfdaşı sayırıq"


21:14     06 Sentyabr 2018 18_09_06_1536239683.jpg


"Xorvatiya Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab edir".

Bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Xorvatiya Azərbaycanı strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında özünün mühüm strateji tərəfdaşı hesab edir. Bu Bəyannamə iki ölkə arasında 2013-cü ildə Zaqrebdə Sizin rəsmi səfəriniz çərçivəsində imzalanmışdır. Biz bu gün əməkdaşlığımızın bir sıra sahələrində mövcud olan böyük potensial haqqında danışdıq. Biz həmçinin siyasi məsələlər üzrə fikir mübadiləsi apardıq, o cümlədən enerji, iqtisadiyyat, mədəniyyət, elm-texnologiya, təhsil və əlbəttə ki, xalqlarımız arasında birbaşa təmasların inkişafı haqqında danışdıq. Mən bu gün imzalanmış sənədləri vacib hesab edirəm, alqışlayıram və bu, bizim ikitərəfli münasibətlərimizə təkan verəcək", - o qeyd edib.

Xanım prezident bildirib ki, Azərbaycan və Xorvatiya əsl dostlardır: "Biz bir-birimizi Avropa İttifaqı çərçivəsində də dəstəkləyirik. Biz, Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli qaydada münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı mövqeyini yüksək dəyərləndiririk. İnanıram ki, biz müdafiə sahəsində də əməkdaşlığımızı inkişaf etdirəcəyik. Çünki biz 2013-cü ildə müdafiə sahəsində də əməkdaşlıqla bağlı anlaşma memorandumu imzaladıq. Bu baxımdan zabitlərimiz və hərbçilərimiz, əsgərlərimiz bir sıra müxtəlif hərbi kurslarda, hərbi məktəblərdə öz təhsilini artıra bilərlər".

Femida.az

Açar sözlər: Xorvatiya  

Oxunub: 426