Yaxın Şərq bizə nə qədər yaxınmış (VİDEO + FOTO)


15:31     08 Oktyabr 2015 00.jpg

"Rusiyanın Hərbi-Dəniz qüvvələri "İraq və Şam İslam Dövləti" (İŞİD) və "Cəbhət əl Nüsra" terror qruplaşmalarının mövqelərinə raket zərbələri endirib. Bu, Rusiya istehsalı olan uzaq mənzilli 3M14 qanadlı raketlərinin ilk döyüş tətbiqidir".


Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə məruzəsində belə deyib.

3M14 ABŞ-ın "Tomahawk" raketlərinin Rusiya analoqudur.
26 raketin Suriya ərazisində 11 hədəfi uğurla vurduğu deyilir.




Nə baş verib?

Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Xəzər hərbi donanmasının 4 gəmisindəki "Kalibr" raket kompleksləri vasitəsilə Suriyadakı terrorçuların mövqelərinə atəş açılıb.

Raketlər 1500 kilometr məsafəni qət ediblər.
Rusiya bunu tarixi hadisə sayır, çünki "Kalibr" döyüş kompleksindən ilk dəfə istifadə olunub.

Nədən istifadə olunub?

Rusiyanın Xəzər Hərbi Donanmasındakı "Dağıstan" mühafizə gəmisi, habelə "Qrad Sviyajsk", "Uqliç" və "Velikiy Ustyuq" kiçik raket gəmilərində "Kalibr" kompleksinin 3M14 qanadlı raketləri var.




"Kalibr" kompleksi vahid şaquli buraxılış qurğusundan bir neçə tip raketin atışı üçün nəzərdə tutulub. Bu kompleksə 375 km uçuş məsafəli 3M54, 2600 km uçuş məsafəli 3M14 və sualtı qayıq əleyhinə 91RT raketləri daxildir.
"Dağıstan" gəmisi 11611K layihəli, "Uqliç", "Qrad Sviyajsk" və "Velikiy Ustyuq" isə 21631 "Buyan-M" layihəsi çərçivəsində inşa olunub.

Raketlər Suriyaya necə uçdu?

Ekspertlər hesab edirlər ki, əgər Rusiyanın müdafiə naziri Sergey Şoyqu "raketlər 1500 km məsafədəki hədəfləri vurdular" deyibsə, deməli, Suriyadakı hədəflərə Xəzərin mərkəzi hissəsindəki gəmilərdən raketlər buraxılıb.




Daha sonra həmin raketlər İran və İraqın şimalından uçublar. Həmin ölkələr Rusiyanın İŞİD-ə qarşı yaratdığı koalisiyaya daxil olduqlarından raketlərin uçuş marşrutu ilə bağlı Moskvanın Tehran və Bağdaddan ilkin icazə alması şübhəsizdir.
Rusiya Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Andrey Kartapolovun açıqlaması bu baxımdan çox maraqlıdır: "Qanadlı raketlərlə zərbələr ilə bağlı tərəfdaşlarımızla əvvəlcədən razılaşdırmalar olub".




Niyə məhz qanadlı raketlər?

Suriya ərazisində 3M14 qanadlı raketlərindən istifadəni tələb edən hədəf və infrastruktur obyekti tapmaq müşkül məsələdir. Çünki Rusiyanın Suriyaya yolladığı qırıcı və qırıcı-bombardmançı təyyarələrlə vura bilməyəcəyi hədəf sadəcə, yoxdur.
İŞİD və "Cəbhət əl Nüsra" terrorçularının hava hücumundan müdafiə vasitələri zəifdir, radioelektron mübarizə avadanlıqları isə ümumiyyətlə, yoxdur. Bu baxımdan 3M14 qanadlı raketləri təki uzaqdan atılan və çox dəqiq silah taktiki baxımdan alternativsiz vasitə deyil. Belə raketlərdən adətən hava hücumundan müdafiə sisteminin çox sıx olduğu yerlərdə, ya da aviasiyanın fəaliyyət məkanından uzaqdakı mühüm hədəfləri vurmaq üçün istifadə olunur.




Bir sözlə, Rusiyanın hərbi təyyarələri hazırda Suriyada istənilən hədəfə dəqiqliklə vura bildiyi üçün qanadlı raketlərə ciddi, real ehtiyac duyulmur.
Amma Xəzərdən Suriyaya raketlər buraxıldı.

Səbəb Moskvanın öz gücünü, potensialını və hərbi imkanlarını bariz nümayiş etdirmək istəyidir. Ona görə də Xəzərdəki hərbi gəmilərdən Suriyaya raketlərin atılması sırf hərbi yox, daha çox hərbi-siyasi və geosiyasi məqsədlər güdən aksiyadır.



Rusiya bu minvalla bölgə ölkələrinə, xüsusilə də Qərbə gücünü göstərməklə yanaşı, Yaxın Şərqdəki maraqlarını təmin etməkdə çox ciddi olduğunu nümayiş etdirib.
Rusiya Krımdakı olayları Qərb üçün sürprizə döndərdisə, indi Suriyadakı hədəfləri qanadlı raketlərlə vurmaqla üçüncü dünya ölkələrində hərbi-hava aksiyaları keçirmək imkanlarının, ən başlıcası isə, qətiyyətinin olduğunu göstərdi.

Planlar nədir?

Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunların nəzarət etdiyi əyalətlərdəki mövqelərini qorumağa çalışan Rusiya əməliyyatların miqyasını və intensivliyini genişləndirmək məcburiyyətindədir. Bəşər Əsədə qarşı vuruşanların zəiflədilməsi təmin edilməsə, Suriyanın mövcud prezidentinin devrilməsi "həll olunmuş məsələ" sayıla bilər.




Bəs Bəşər Əsədin İŞİD və çoxsaylı islamçı qruplaşmalar üzərinə hücum üçün potensialı varmı? Rəsmi Dəməşqin hərbi texnikası az deyil, amma onların tam əksəriyyəti köhnəlib. Üstəlik, Əsədə sadiq qoşunların əsgərləri və zabitləri də illərdən bəri davam edən savaşdan yorulublar.

Rusiya Əsədin yaratmaq istədiyi koalisiyanın və Dəməşqdəki rejimin taktiki müttəfiqlərinin gücünü artırmaq, Suriyadakı müxalifəti zəiflətmək və bundan sonrakı mümkün danışıqlar prosesində hadisələrə ciddi təsir imkanlarına malik oyunçu olmaq istəyir.

Qərb, Türkiyə və Səudiyyə Ərəbistanı isə əksinə, Suriyadakı müxalifəti gücləndirməyə, Bəşər Əsədin devrilməsinə və ya istefasına can atırlar.

Azərbaycan nə etməlidir?

Uzaq saydığımız Suriyadakı hadisələrin əslində Azərbaycanın yerləşdiyi regionda yaşandığını dünən Xəzərdəki raket atışlarından sonra anlamayan, çətin ki, qalsın. Yaxın Şərqin bizə nə qədər yaxın olduğu göründü: Abşeron sahillərindən çox da uzaq olmayan məsafədə, dənizdə Rusiyanın hərbi gəmiləri Suriyaya raketlər buraxdılar.

Bu isə Suriya və İraqdakı hərbi əməliyyatlar müstəvisinin Xəzərin cənubuna, oradan da Cənubi Qafqaza qədər geosiyai vektorlarla təsir istiqamətlərini göstərir.
Yaranmış gərgin və həddən artıq mürəkkəb vəziyyətdə Azərbaycan praqmatik siyasət yürüdür, proseslərə müdaxilə etmir, heç bir tərəfi aktiv şəkildə dəstəkləmir və ya aşkar məsafəli mövqe tutmur.



Suriya problematikasında Rusiyaya qarşı koalisiya yaratmaqla məşğul olan Qərb, daha konkret olsaq, ABŞ, Britaniya, Almaniya və Türkiyə Moskvanın hadisələrə müdaxiləsini qətiyyətlə pisləyirlər. ABŞ indiyədək dəfələrlə bildirib ki, Suriyadakı hərbi əməliyyatlar məsələsində Rusiya ilə əməkdaşlıq etmək niyyətində deyil.
Görünən də odur ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin güclənməsinə imkan verməmək və Moskvanın situasiyadan bəhrələnərək regionda "tərəfdaşlıq əlaqələrini" gücləndirmək adı ilə qərbin sıxışdırılmasına yönəlmiş addımlarının qarşısını almaq üçün Qərb mütləq şəkildə Bakı ilə yeni danışıqlara başlayasıdır.
Danışıqlar üçün cəhdlərin artıq gələn həftə ediləcəyini, Bakıya xüsusi ismarıcların və təkliflərin yollanacağını da ehtimal etmək olar. Rusiyanın hərbi gəmilərinin Xəzərdən Suriyaya qanadlı raketlər buraxması Qərb üçün ciddi siqnaldır və ABŞ ilə yanaşı, Avropa Birliyi və Türkiyə Rusiyanın İŞİD-lə mübarizə koalisiyası adı ilə İran, İraq və Suriya ilə əlaqələri sürətlə intensivləşdirməsinə laqeyd qalmayacaq.

Moskvanın Ermənistanla da ""geosiyasi və hərbi müttəfiqlik" əlaqələrini nəzərə alsaq, Qərb üçün Cənubi Qafqazda indi faktiki olaraq ən optimal strateji tərəfdaş Azərbaycandır.

Qarşıda çox sürətli diplomatik məsləhətləşmələr, danışıqlar və kuluar təkliflərin səslənəcəyi müzakirələr var.

Rəsmi Bakı isə Qərb və Rusiyanın Suriyadakı qarşıdurmasının əks-sədasına çevriləcək proseslərin iştirakçısına çevrilmək niyyətində deyil.
Və bu, indiki vəziyyətdə ən optimal mövqedir.



Milli.az

Açar sözlər:

Oxunub: 2717