Ermənilər Qarabağa daha bir yol çəkir - 200 nəfərdən yardım istədilər

Ermənilər Qarabağa daha bir yol çəkir - 200 nəfərdən yardım istədilər


13:21     17 Oktyabr 2018 18_10_17_1539767931.jpg


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə Ermənistan arasında üçüncü avtomobil yolu çəkiləcək.

Bu barədə ərazidəki qondarma rejimin rəhbəri Bako Saakyan açıqlama verib. O, Ermənistanı Qarabağa birləşdirən daha bir yolun tikintisi üçün 200-dən çox erməni diaspor nümayəndəsi ilə görüşdüyünü bildirib. Saakyan onlardan yolun tikintisi üçün yardım istəyib. Separatçıların rəhbəri açıqlamasında təhlükəsizliyi artırmaq məqsədilə bu addımı atdıqlarını bildirib.

Femida.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, yolun Araz çayının kənarından keçməsi nəzərdə tutulub. Bu yol Ermənistanla qondarma rejimi cənubdan birləşdirəcək. Daha əvvəl tikilən və Ermənistanla qondarma “DQR”-i şimaldan bağlayan Vardenis-Ağdərə yolu vasitəsilə ermənilər xaricdən gələn turistlərin qanunsuz şəkildə Qarabağ ərazisinə getməsinə şərait yaradırdı.

Qeyd edək ki, bu yol tikilərsə, Ermənistanla Dağlıq Qarabağ bölgəsi arasındakı üçüncü yol olacaq. Belə ki, Qarabağ müharibəsindən sonra ermənilərin "Hayastan" fondu Qoris şəhərindən Xankəndinə yol çəkmişdi. 2017-ci ildə isə Vardenis-Ağdərə yolu ikinci alternativ marşrut kimi istifadəyə verilmişdi.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #Qarabağ   #yol   #Xankəndi   #Ağdərə   #DQR   #separat  

Oxunub: 757