MSK şikayətlərə baxıb


01:00     12 Oktyabr 2015 msk0.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş şikayətlərə baxılıb.


Femida.az-ın məlumatına görə, MSK 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən (SD) öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Kərim Ağarzayev, 27 saylı Sabunçu II SD-dən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, 9 saylı Binəqədi II SD-dan öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Nemət Kərimli, 51 saylı Qusar SD-dan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tərəfindən namizədliyi irəli sürülmüş Şəfi Şəfiyev, 107 saylı Qazax SD-dən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Şöhrət Məmmədzadə, 34 saylı Xətai II SD-dən Əhəd Məmmədli, 83 saylı Ağcabədi-Füzuli SD-dən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş İman İmanov, 72 saylı Yardımlı-Masallı SD-dən Fikrət Fərəməzoğlu, 35 saylı Xətai III SD-dən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Nizami Ələkbərov, 61 saylı Neftçala SD-dən Kamran Əsədov, 12 saylı Qaradağ-Binəqədi-Yasamal SD-dən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rauf Ağayev, 79 saylı İmişli SD-dən Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Amil Seyidov, 42 saylı Sumqayıt II SD-dən Xaləddin Cahangirov, 54 saylı Şabran-Siyəzən SD-dən Müsavat Partiyasının namizədi Nadir Qafarlının namizədliklərinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsassız sayıb, DSK-ların qərarlarını qüvvədə saxlayıb.

VHP tərəfindən namizədliyi irəli sürülmüş Ş. Şəfiyevlə bağlı məsələ müzakirə olunarkən MSK üzvü Almaz Qəhrəmanlı DSK sədrinin təzyiqi ilə məntəqə seçki komissiyasında VHP-ni təmsil edən şəxsdən ərizə alındığını bildirib. A. Qəhrəmanlı deyib ki, məntəqə seçki komissiyasında VHP-ni təmsil edən şəxs Ş. Şəfiyevin lehinə imza topladığı barədə ərizə verib ki, bu da Ş. Şəfiyevin namizədliyinin qeydə alınmaması üçün əsas yaradıb. A. Qəhrəmanlı məntəqə seçki komissiyasında VHP-ni təmsil edən şəxsin üzvlüyünə son verilməsini istəyib.

MSK sədri Məzahir Pənahov məntəqə seçki komissiyasının üzvünə təzyiqlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

MSK 79 saylı İmişli SD-dən “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş vəkil Mirismayıl Hadinin namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətlərini əsaslı sayıb və DSK-nın qərarını ləğv edib, M. Hadinin namizədliyi qeydə alınıb.

MSK 35 saylı Xətai III SD-dən namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Mübariz Salayevin namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətinə də baxıb. DSK-nın qərarında M. Salayevin Müsavat Partiyası yox, mövcud olmayan Yeni Müsavat Partiyasının namizədi kimi göstərildiyini əsas gətirərək, MSK DSK-nın qərarını ləğv edib, yenidən baxılması üçün DSK-a göndərib.

Açar sözlər:

Oxunub: 883