Mətbuat Şurası məni qoruyurmu? - JURNALİSTLƏR DANIŞIR


11:30     08 Noyabr 2018 18_11_08_1541662243.jpg


Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Məqsədi - Jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Nizamnaməsi - QHT-lərin fəaliyyət prinsipi əsasında işləyir. Çünki MŞ dövlət qurumu deyil, ictimai təşkilatdır.

Rəhbərliyi - Şuranın sədri edir. Sədrin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. MŞ İdarə Heyəti 15 əsas və 4 ehtiyat üzvdən ibarətdir. Əsas üzvlərdən 9-u jurnalistləri, 6-ı ictimaiyyəti təmsil edir. 4 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdəndir.

Missiyası - şikayətlərin araşdırılmasıdır. Şikayətçi və cavabdeh arasında anlaşma əldə edilməsinin mümkünlüyünü nəzərdən keçirir. Tərəfləri Şuraya dəvət edir və problemin aradan qaldırılması üçün mümkün variantlar irəli sürür. Razılıq olmazsa, problemin Şikayətlər üzrə Komissiyasının iclasına çıxarılması üçün zəruri tədbirlər görür. Şikayətçi və cavabdeh Şikayətlər üzrə Komissiyanın iclasına dəvət olunur. Məsələ ilə bağlı mövqeləri bir daha aydınlaşdırılır. Yekun qərar Şuranın Katibliyi vasitəsilə şikayətçi və cavabdehə çatdırılır.

Qərar və rəyləri - tövsiyyə xarakteri daşıyır və KİV-lərə qarşı hər hansı inzibati cəza mexanizmlərini nəzərdə tuta bilməz. Mətbuat Şurasının qərarlarında nəzərdə tutulan ən ciddi cəza tədbiri «qara siyahı»ya daxil etmədir. Bu ictimai qınaq növü peşə prinsiplərinə tam laqeyd yanaşan, yazılarında tənqid obyektinin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna bilərəkdən ziyan vuran KİV-lər haqqında seçilir. Bu zaman Şuranın «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatı»ndakı forma və prinsiplər rəhbər tutulur. «Qara siyahı» mütəmadi olaraq yenilənir və ölkənin aparıcı kütləvi informasiya vasitələrində yayımlanır.

Komissiyaları - jurnalistlərlə bağlı müəyyən araşdırmaları özündə cəmləşdirir. Məsələn, Sosial Komissiya jurnalistlərin sosial durumu ilə bağlı vəziyyəti öyrənir, onların məişət qayğılarının müəyyənləşdirilməsi və həlli yollarına dair təkliflər hazırlayır və İdarə Heyətinə təqdim edir. Yaxud, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası jurnalistlərin peşə vəzifəsini yerinə yetirərkən rastlaşdıqları çətinliklərin operativ surətdə aradan qaldırılması istiqamətində müzakirələr aparır. Bura Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə yanaşı Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Daxili İşlər və Ədliyyə Nazirliklərindən də nümayəndələr daxildir.

Qanun layihəsi - üzərində hazırda iş gedir. “Mətbuat Şurası haqqında” qanunla bağlı Şuranın sədri, millət vəkili Əflatun Amaşov bildirir ki, belə bir qanun layihəsinə ehtiyac var:

“Mətbuat Şurasının fəaliyyəti qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı qanuna uyğun olaraq tənzimlənir. Şuranın qəbul etdiyi müəyyən qərarlarla bağlı çətinliklər var. Belə qərara gəlmişik ki, yeni qanun layihəsi hazırlanarsa, qəbul edilən qərarlar daha çevik şəkildə həyata keçirilər”.

Qeyd edək ki, sözügedən qanun layihəsi MŞ-nin dövlət qurumuna çevrilməsini, eləcə də səlahiyyətlərinin artırılmasını, mediaya rəsmi şəkildə nəzərət funskiyasını nəzərdə tutur.

ŞƏRH: Belə bir qanunun yaxşı tərəfləri olduğu qədər pis tərəfləri də var. Yaxşı tərəfləri mediaya maddi dəstək çoxala bilər ki, bu da jurnalistlərin social rifahının yükəslməsinə xidmət edəcək. Mənfi tərəfinə gəlincə, Şura ilkin mahiyyətindən uzaqlaşa bilər. Onsuz da dünya media azadlığı indeksində ürəkaçan yerdə olmayan Azərbaycanın imici belə bir qanundan sonra daha da korlanar. Azərbaycanda azad medianın olmadığını tez-tez söyləyən beynəlxalq qurumlar bu qanunun qəbulundan sonra münasibətlərini daha da kəskinləşdirəcəklər.

KİV haqqında qanunun 7-ci maddəsinə görə, kütləvi informasiya vasitələri üzərində xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.

Şura bunu “reket jurnalistika”ya qarşı daha yaxşı mübarizə aparmaq üçün hədəflədiyini desə də, unutmayaq ki, reket termini onsuz da kriminal yüklü bir anlayışdır. Kriminal işlərlə isə mediaya nəzarət edən qurum yox, hüquq-mühafizə orqanları iş aparmalıdır. Necə ki, bu gün reketə qarşı mübarizəni prokurorluq orqanları aparır. Mətbuat Şurası daha çox jurnalistlərin problemləri ilə məşğul olsa, onların sosial-iqtisadi müdafiəsini təşkil və təmin etsə, bu jurnalistlər üçün də sevindirici olar.

Hüquqşünas nə deyir?

Media hüququ üzrə ixtisaslaşmış hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı fikirlərini Femida.az-la bölüşüb:

Mətbuat Şurası jurnalistlərin özünün yaratdığı bir qurum olaraq fəaliyyət göstərir. Yəni jurnalist yoxdursa, Şura da yoxdur. MŞ jurnalistlərin ümumi etik prinisplərini müəyyən və ona nəzarət edən birlikdir. Şuranın bütün hədəfi onu quran jurnalistləri qorumaq, etikanı qorumaq, jurnalistlərin başqa qurumlar və şəxslərlə olan münasibətlərində jurnalist prinsiplərinə nəzarət etməsini ölçməkdir. Əgər etik qaydaları pozan jurnalistlər varsa, Şuranın bunu bəyan etmək, “qara siyahı”ya salmaq səlahiyyəti var. Özü özünü tənzimləyən orqan üçün bu tip funksiya normaldır.

Ə.Məmmədli Mətbuat Şurası haqqındakı qanun layihəsi ilə bağlı bunları deyib:

Əgər Şuranın fəaliyyəti qanunla qurulacaqsa, artıq bu Mətbuat Şurası olmur. Özü özünü tənzimləyən qurum olmaqdan çıxır. Bu vaxtilə olan İnformasiya Nazirliyini xatırladır. Məsələn, teleradioların fəaliyyətinə nəzarət edən dövlət qurumu var: Milli Teleradio Şurası. Eynilə də Mətbuat Şurası qanunla formalaşdırılacaqsa, olacaq dövlət qurumu. Dövlətin mediaya faktiki olaraq qarışmama öhdəliyi var. Əgər mətbuatın fəaliyyətini hansısa dövlət qurumu tənzimləyəcəksə, artıq bu özünü tənzimləmədən çıxır. Demokratik ölkələrdə medianın dövlət tərəfindən tənzimlənməsinə yol verilmir.

Mətbuat Şurası jurnalistlərin gözündə
Jurnalistlərin Mətbuat Şurası haqqındakı düşüncələrini öyrənmək üçün bir neçə media qurumunun əməkdaşı ilə əlaqə saxladıq. Həmkarlarımızın verdiyi cavabları təqdim edirik:

Fəridə Ağazadə, “Astara” qəzetinin baş redaktoru: "Mətbuat Şurası bu günə qədər hər zaman qəzetimizə və onun fəaliyyətinə dəstək olub. Müraciətlər də vaxtında və operativ həllini tapıb. Mən Mətbuat Şurasının fəaliyyətindən hər zaman razıyam. Bunu bir jurnalist olaraq deyirəm ki, həqiqətən şuranın fəaliyyəti çox demokratik və ədalətli qurulub".

Famil Fərhadoğlu, unikal.org saytının müxbiri: "Mətbuatla bağlı belə bir qurumun fəaliyyət göstərməsi təqdirəlayiqdir. Öz fəaliyyətimdən misal çəkərək deyə bilərəm ki, bir dəfə problemlə qarşılaşmışam.Belə ki, Səhiyyə Nazirinin keçmiş müavini Abbas Vəlibəyovun dəfn mərasimində mənə təzyiq göstərilmişdi.Həmin zaman Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mövqe bildirmişdi, jurnalistlərin peşə fəaliyyətinə əngəl törədilməsini pisləmişdi. Bundan başqa həmkarımız Əli Vəliyevi general-mayor Ərziman Əliyev ağır sözlərlə təhqir edəndə Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələni kəskin şəkildə pislədi. Bu kimi faktlar göstərir ki, jurnalistlərin üzləşdiyi problemlərlə bağlı şura müəyyən addımlar atır. Fikrimcə jurnalistlər hər hansı problemlə qarşılaşanda, sonra bu hüquqi müstəviyə keçəndə şuranın bu kimi hallara münasibəti əsas götürülməlidir.
MŞ jurnalistlərin qarşılaşdığı çətinliyə və ya hər hansı bir problemlərə dərhal münasibət göstərib, bu çətinlikləri aradan qaldırmaq üçün zəruri tədbirlər görsə, bu qurumun nüfuzunu daha da artırar".

Elməddin Muradlı, avtosfer.az saytının baş redaktoru: "Mətbuat Şurasına ev məsələsi ilə bağlı bir dəfə müraciətim olub. Onu da cox sağolsunlar ki, diqqətlə və geniş şəkildə araşdırıblar. Köməklik göstəriblər. Şükürlər olsun ki, başqa bir problemimiz olmayıb ki, şuraya müraciət edim. Lakin düşünürəm ki, bir sayt rəhbəri olaraq Mətbuat Şurasının elektron KİV-lərə dövlət dəstəyi ideyası reallaşarsa, o zaman daha səmərəli olar".

Elvin Abdulqədirov, azvision.az saytının müxbiri: "İndiyə qədər Mətbuat Şurasına hər hansı bir problemimlə bağlı müraciətim olmayıb. O ki, qaldı MŞ-in biz jurnalistləri qorumağına, Şuranın sədri Əflatun Amaşovun jurnalistlərin inkişafı baxımından müxtəlif təkliflər irəli sürdüyünə şəxsən şahidəm. Məsələn, Şura sədri həmişə jurnalistlərin ixtitsaslaşmış olmalarını, dil bilmələrinin vacibliyini önə çəkir. Xüsusən ixtisaslaşmış jurnalistlərin meydana çıxması üçün ən müxtəlif yollarla dövlət qurumları qarşısında məsələ qaldırır. Bu prizmadan baxsaq, Şura həmişə jurnalistlərin yanında olub".

Tural İsmayılov, mətbuat.az saytının baş redaktoru: "Mətbuat Şurası bu gün bizim bütün müraciətlərimizdə yanımızda yer alır. MŞ-ə müraciətlərimizə başda sədr Əflatun müəllim olmaqla operativ və çevik reaksiya almışıq. Azərbaycan jurnalistikası üçün Şuranın xüsusi rolu və önəmi var. Düşünürəm ki, bunu qətiyyən danmaq olmaz".

Orxan Kərimov, salamnews.org agentliyinin müxbiri: "Fəaliyyətim dövrümdə bu vaxta qədər elə ciddi problem yaşamadığımdan MŞ-ə müraciət etməmişəm. Lakin MŞ tərəfindən jurnalistlərə verilən press kartların əhəmiyyəti çox böyükdür. Bu rəsmi vəsiqələr bizim peşə fəaliyyətimizin yerinə yetiriıməsində böyük rol oynayıb. Hətta, elə əhəmiyyətli tədbirlər olub ki, yalnız MŞ-nin verdiyi vəsiqə vasitəsi ilə akreditasiya ediblər. Bir məqamı da qeyd edim ki, tanıdığım jurnalist həmkarlarımız dəfələrlə olub ki, MŞ-ə hansısa məsələ ilə bağlı müraciət edib və onların müraciəti müsbət olaraq həll edilmişdir. Düşünürəm ki, Şuranın media ilə iş prinsipi düzgün şəkildə qurulub".

Aqil Lətifov, Publika.az portalının baş redaktoru: "Əvvəlki dövrlərdə bu sahədə neqativ hallar çox olurdu: jurnalistlər döyülür, kimlərsə həmkarlarlmıza hədə-qorxu gəlirdi. Hətta bir çox həmkarımız ölümlə hədələnmişdi. Şura bu istiqamətdə əlini daşın altına qoymaqdan əsla çəkinmədi. Mətbuat Şurasının, başda Əflatun müəllim olmaqla gördüyü ardıcıl və uğurlu fəaliyyətin nəticəsi olaraq bu kimi hallara tamamilə aradan qaldırıldı. Şura hər vəchlə həm medianın, həm jurnalistlərin kənar basqılardan qorunması üçün iş apardı. Deyərdim ki, bu səylər öz nəticəsini verib. Mətbuat Şurası təkcə həmkarlarımızın jurnalist fəaliyyətinə yardımçı olmaq üçün iş aparmadı, eyni zamanda köməyə, tibbi yardıma ehtiyacı olan həmkarlarımıza da dost əlini uzatdı. Artıq hər bir jurnalist bilir ki, onun hər hansı problemindən xəbərdar olduğu halda başda Əflatun Amaşov olmaqla Mətbuat Şurası anında reaksiya verərək, əməli tədbirlər görəcək.
Mətbuat Şurası jurnalistlərin hüququnu tapdanmağa qoymadığı kimi, eyni zamanda, reketçiliklə məşğul olan üzdəniraq jurnalistlərin də kiminsə haqqını tapdamağa, şantaj etməyə göz yummur.
Fikrimcə, Mətbuat Şurasının bu sahədə gördüyü işlər daha böyük alqışalayiqdir. Və bu istiqamətdə aparılan müstəsna işlər heç də gözardı edilməməlidir".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #jurnalist   #media   #mətbuat   #KİV   #femida   #Mətbuat_Şurası   #hüquq   #qanun  

Oxunub: 1449