Bakıda özbək qadınları fahişəliyə cəlb edən şəxslə bağlı qərar verildi


18:29     27 Noyabr 2018 18_11_27_1543325181.jpg

Ali Məhkəmədə insan alverində təqsirləndirilən İrina Qəmbərova barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, İ.Qəmbərovanın şikayəti təmin edilməyib.

İttihama görə, İrina Qəmbərova Özbəkistan Respublikasının vətəndaşı olan digər şəxslə qabaqcadan əlbir olan bir qrup təşkil edib.

Dəstənin Özbəkistanda olan üzvü 2011-ci ilin yanvar ayının əvvəllərində Özbəkistan Respublikası, Kokand şəhəri, Posdindoz küçəsi, ev 2, mənzil 2-də yaşayan Diananın (zərərçəkmişlərin adları şərti verilib – red.) maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, onun Bakı şəhərində yüksək maaşlı işlə təmin edəcək tanışının olduğunu bildirib.

Daha sonra aldatmaq yolu ilə Diananı Bakı şəhərinə göndərib. Burada onu İrina qarşılayıb və “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında kirayə yaşadığı ünvana gətirib. İrina həmin ünvanda Diananı müxtəlif şəxslərə pul qarşılığında cinsi əlaqədə olmasına şərait yaradıb. Diana martın 21-dək olan müddətdə müxtəlif kişilərlə pul müqabilində görüşüb.

Bundan başqa, İrinanın dəstəsinin özbəkistanlı üzvü onun üçün həmin ilin yanvar ayının sonlarında daha bir qadın təşkil edib.

Belə ki, dəstənin özbəkistanlı üzvü öz ölkəsinin vətəndaşı Sabinanın maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə edib, işə düzəltmək adı ilə Bakı şəhərinə göndərib. Bakı şəhərində Sabinanı Bakı şəhərində İrina qarşılayıb və kirayədə yaşadığı mənzildə kişi müştərilərlə iyunun 2-dək olan müddətə qədər görüşdürüb.

Daha sonra İrina Qəmbərova 2014-cü ilin yanvarında özbəkistanlı tanışının vasitəsilə Bakı şəhərinə daha bir özbək qadın gətirə bilib.

İstintaq sənədlərinə görə, İrina Qəmbərova 2014 və 215-ci ildə daha üç Özbəkistan vətəndaşı olan qadını Azərbaycan paytaxtına gətirib və burada cinsi istismara məruz qoyub.

İstintaq orqanı tərəfindən İrina Qəmbərovaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İrina Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan İrina Qəmbərova apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İrina Qəmbərovanın apellyasiya şikayəti təmin olunmayıb.

Açar sözlər:

Oxunub: 520