Bakı-Quba yolunda TIR aşdı - Nəqliyyatın hərəkəti iflic oldu


23:53     19 Dekabr 2018 18_12_19_1545249306.jpg

Dekabrın 19-da Xızıda yük avtomobilinin qəzaya uğraması Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda avtomobillərin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına səbəb olub.

Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxtdan Quba istiqamətində hərəkətdə olan və xurma ilə yüklənmiş nəqliyyat vasitəsi rayonunun Yaşma kəndi ərazisində aşıb.

Qəza səbəbindən axşam saatlarında həm Bakı, həm də əks istiqamətdə yolda bir neçə kilometrlik tıxac yaranıb.

Hadisə şahidlərinin bildirdiklərinə görə, qəza yolun təmir olunan hissəsində baş verdiyindən avtomobillərin hərəkətini tənzimləmək daha da çətinləşib.

Qəzanın baş verdiyi əraziyə cəlb olunan Dövlət Yol Polisi əməkdaşlarının müdaxiləsindən sonra bir neçə saat ərzində yolda avtomobillərin normal hərəkəti təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 781