Ömürlük azadlıqdan məhrum edilən polisdən XƏBƏR VAR


14:33     22 Oktyabr 2016 polis%20yaxaladi.jpg

Bakı Apellyasiya Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev və Rəhim Səttarovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.

İttiham aktına əsasən, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyən zaman Röyal Əhmədovla cinayət əlaqəsinə girib. Onlar 2012-ci ildə Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 23, mənzil 9-da yaşayan Axundova Nəsibə Nüsrət qızının imkanlı şəxs olmasını bilib, onu öldürərək evini qarət etmək qərarına gəliblər. Onlar qadının evinə basqın edib, onu öldürərək, evdən 60 min manat və xeyli miqdarda qızıl oğurlayıblar.

Ş.Orucov və R.Əhmədov Naxçıvan sakini Tahirə Əhmədovanın da evinə basqın edib, 6 min manat dəyərində qızıl oğurlayıblar. Basqın zamanı qadın evdə olmayıb.

Daha sonra onlar Bakı şəhərinə gəlib Rəşad Tağıyev və Rəhim Səttarovla cinayət əlaqəsinə girərək bir neçə quldurluq cinayəti törədiblər.

2015-ci ilin fevralında isə R.Tağıyev R.İsgəndərovla İran İslam Respublikasından narkotik maddə gətirən zaman sərhəd-keçid məntəqəsində tutulublar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittiham olunublar.

2016-cı ilin fevral ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Orucov ömürlük, R.Əhmədov 20 il, R.Tağıyev və R.Səttarov isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 3283