Məmmədyarov Malta prezidenti ilə görüşüb


21:30     19 Aprel 2017 elmar%20memmedyarov1.jpg

Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin prezidenti, xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb


XİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Mari-Luiz Koleyro Preka Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib və əməkdaşlığın daha da irəlilədilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edərək, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və ölkələri daha yaxından tanımağa imkan yaratdığını deyib. Prezident Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərəfindən dəstəkləndiyini və bu əməkdaşlığın regional sabitlik üçün önəmli olduğunu söyləyib.

Elmar Məmmədyarov ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafından bu ölkənin rolunu qeyd edib. O, Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barədə məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Sonda nazir Prezident Sarayının xatirə kitabına ürək sözlərini yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 616