• Ana səhifə / Manşet

Xəbər lenti

Asan pul qazanmağın yolu – Onlayn ticarətin üstünlükləri


Tarix 23.06.17, 15:05


Şirkətlərin istehsal etdiyi məhsulların satışının təşkili də əsas məsələlərdən biridir. Bildiyimiz kimi müasir dövrdə elektron xidmətlərdən geniş sürətdə istifadə olunur. Azərbaycanda da bu sahədə artıq təcrübə formalaşıb. Bir neçə ildir ki, ölkəmizdə məhsulların onlayn satışı həyata keçirilir.


Ümumiyyətlə onlayn ticarət nə deməkdir?

Yeni biznesə başlamaq istəyən şəxslər üçün müəyyən qədər maddi vəsait tələb olunur. Dükan açmaq o qədər də asan iş deyil. Obyekt icarəyə götürməlisiniz, təmir etməlisiniz, VÖEN almalısınız, nəzarət kassasını qeydiyyatdan keçirməlisiniz, vitrin sifariş verməli, dükanı mallarla doldurnalı və satıcı tapmalısınız. Bütün bunlar böyük maliyyə tələb edir.
Belə olduğu halda ənənəvi satışdan, offlayndan imtina edib, onlayn satışdan istifadə etmək daha məqsədəuyğundur.

Onlayn ticarət üçün nələr tələb olunur?

İnternetdə insanların xidmət və məhsulları alıb-satma əməliyyatlarına elektron (online) ticarət deyilir. Yəni ticarətin elektron versiyasıdır. Onlayn ticarət adından da göründüyü kimi internet üzərindən həyata keçirilir. Bu üsul qonşu Türkiyədə, Rusiyada və Gürcüstanda daha çox inkişaf edib. Misal üçün Gürcüstan özünün turizm potensialını məhz elektron xidmətlərin sayəsində daha geniş auditoriyaya çatdıra bilir. Bu isə həm ölkənin inkişafına, həm də gələn gəlirlərin artmasına səbəb olur.




Azərbaycanda onlayn ticarəti hələ formalaşmaqda olan mərhələdə hesab etmək olar. Bunları online marketlər də adlandırmaq olar. Misal üçün ölkəmizdə bu sahədə fəaliyyət göstərən bir neçə sayt var. Tap.az, AlSat.az, h2h.az, lalafo kimi ikinci əl malların alqı-satqısı elanlarının yerləşdirildiyi online xidmət saytlarıdır. Amma bu saytların heç biri bu xidmətin tam üstünlüklə həyata keçirilməsini təmin edə bilmir.

Femida.az Azərbaycanda onlayn ticarətin bu günki vəziyyətini aydınlaşdırmaq məqsədi ilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.

Sorğunun nəticələrindən də aydın olur ki, böyük əksəriyyət hələ də onlayn ticarətdən xəbərsizdir, yaxud da bu xidmətlərdən istifadə etmir.
Misal üçün sorğuda iştirak edən sosial şəbəkə istifadəçisi qeyd edir ki, Azərbaycanda elektron ticarət anlayışı hələ çox aşağı səviyədədir.
Digər istifadəçi isə ümumiyyətlə heç bir onlayn ticarətdən istifadə etmədiyini bildirib.
Sorğu zamanı o da məlum olub ki, onlayn ticarətdən istifadə edən şəxslərin əksəriyyəti parfumeriya, müxtəlif aksesuarları bu xidmətlə əldə edirlər.




Bəs vətəndaşlar onlayn ticarətdə nəyə etibar etmir?

Onlayn ticarət sürətliliyi ilə üstünlük qazansa da, onun da çatışmayan cəhəti var. Vətəndaş çox zaman toxunmaqla hiss etmədiyi məhsullara o qədər də etibar etmir. Çox zaman onlar haqlı olurlar. Çünki internet resurslarında gördükləri məhsulun rəngi, ölçüsü, keyfiyyəti çox zaman reallıqdakından fərqli olur. Bu isə onlayn ticarətə vətəndaşın olan inamını aşağı salır.

Onlayn ticarətdə pulumuz oğurlana bilərmi?

Bəzən onlayn ticarətdən istifadə edən vətəndaşlar bir məsələdən narahatlıq keçirirlər. Onlar onlayn ticarət zamanı hesablarından pul oğurlanmasından ehtiyat edir. Vətəndaşların narahatlığına nə dərəcədə əsas var?

Mövzu ilə bağlı femida.az-a açıqlama verən Azərbaycan İnternet Forumun prezideti Osman Gündüz bildirib ki, təhlükəsizliyin əsasında vətəndaşın diqqəti dayanır.






Burada ödəniş zamanı müəyyən qədər risklər ola bilər. Amma vətəndaş adi təhlükəsizlik qaydalarına əməl etməlidir. Vətəndaş hər hansı bir məhsulu aldığı şirkətin kifayət qədər ciddi, dəqiq domeni olmasına, bu sahədə təcrübəli olduğuna əmin olmaq istəyir. Bütün bunları müəyyən etdikdən sonra həmin xidmətdən istifadə edə bilər.”

Osman Gündüz vətəndaşlara bununla bağlı bir neçə məsləhətlər də verib. O bildirib ki, ilkin alış-veriş zamanı böyük məbləğdən istifadə edilməsi o qədər də məsləhət deyil.

Azərbaycanda onlayn ticarət göstərən saytların fəaliyyəti nə dərəcədə qaneedicidir?

Osman Gündüzün fikrincə, bu gün Azərbaycanda elektron ticarətin fəaliyyət səviyyəsi qənaətbəxş deyil. Azərbaycanda il ərzində elektron ticarət zamanı istifadə olunan məbləğ təxminən 20 milyondur. Bu illik rəqəm Qazaxıstanda 1 milyard manata bərabərdir. Göründüyü kimi müqayisədə çox böyük fərqlər var.

Azərbaycanda elektron ticarətin gələcəyinə ümid bəsləmək olarmı?

“İxraca dövlət dəstəyini ifadə edən tədbirlər, xüsusilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin qurulması, onun nəzdində “Azexport.az” portalının fəaliyyətinin təşkili kifayət qədər effektli qərardır. “Azexport.az”-ın missiyası da ölkə daxilində istehsal olunan məhsullar barədə məlumatların təqdim edilməsi, onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.

İnsanlar eksporta gedəcək malların alış-verişini edə bilərlər. Bu isə onlayn ticarətin inkişafına dəstək verə bilər”,
deyə Osman Gündüz bildirib.

Azərbaycanda onlayn ticarətin ən böyük problemi vergi qaydalarının sərt olması ilə bağlıdır. Osman Gündüzün fikrincə, onlayn ticarətə verginin bu qədər sərt tətbiq edilməsi düzgün yanaşma deyil.

“Hesab edirəm ki, bu sahibkarlara imkan yaratmaq lazımdır ki, onlar bu sahədə oturuşsunlar. Bundan sonra sərt vergi qaydalarının tətbiq etmək olur. Mövcud durumda vergilərin tətbiqi onlayn ticarətin qarşıısna sədd çəkir.”

Onlayn ticarətin inkişafında dövlətin hansı dəstəyi var?

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzaladığı Sərəncamı əsasında yaradılan “Azexport.az” resursu "Made in Azerbaijan" brendinin dünyaya tanıdılmasına xidmət edir.

Təbii ki, portalın tam formalaşması və işlək mexanizmə çevrilməsi müəyyən qədər zaman tələb edir. Lakin Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən portalda artıq xeyli informasiya toplanıb və müəssisələr, onların istehsal etdikləri məhsullar haqqında məlumatlar yer alıb. Hər hansı məhsulun xarici ölkədəki sifarişçiyə qısa müddətdə çatdırılmasını təmin etmək üçün dünyanın və ölkəmizin aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri portala inteqrasiya olunub. Deməli, “Azexport.az”-a çıxarılan məhsullar bütün dünyada məşhur olan elektron satış portallarında da görünəcək.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Füzuli Məcidli Femida.az -a açıqlamasında yaradılan , “Azexport.az”-ın xüsusiyyətlərini xarici ölkələrin təcrübəsi ilə müqayisə edib.






Onun sözlərinə görə, bu sahədə Türkiyə və Kanada örnəyi daha çox diqqət çəkir.

“Görünür, hər iki ölkənin xüsusilə qardaş Türkiyənin son onillikdə “ixrac partlayışı” etməsinin kökündə bənzər funksiyaları həyata keçirən qurumların da vacib rolu olub. Türkiyədə ölkəmizdəki müvafiq Mərkəzin funksiyalarına bənzər qurum kimi fəaliyyət göstərən İxracatın İnkişafı Mərkəzi (İGEME) ixracat imkanları olan şirkətlərə yol göstərmək və onlara dəstək məqsədi ilə hələ 1966-cı ildə yaradılsa da, kommunikasiya vasitələrinin inkişafı ilə xarici istehlakçılar üçün son illər daha da əlçatan olub. İxracın, xüsusilə də ixrac konsaltinqinin onlayn mühitə daşınması ölkənin xaricə açılmasında vacib rol oynayıb. Mərkəzin Türkiyənin böyük şəhərlərində filialları və bəzi xarici ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. O, təhsil, treninqlər vasitəsilə üzv firmaların, dolayısı ilə ölkənin ixracının təşviqi istiqamətində fəaliyyət göstərir, yeni bazarlar və iş imkanlarını öyrənərək ixracatçıların xarici bazardakı paylarını artırmağa kömək edir.

Yaxud Kanadanın “Export Devolopment Canada” kompaniyası yerli ixracatçılara xarici bazarların öyrənilməsi və analizindən tutmuş, ticarətin maliyyələşdirilməsi, ixrac kreditlərinin təşkili və sığortasına qədər bir çox digər sahələrdə xidmət göstərir.

Qazaxıstanın Milli İxrac və İnvestisiya Agentliyi "KAZNEX INVEST" Səhmdar Cəmiyyəti də bənzər funksiyaların həyata keçirilməsi ilə məşğul olur. Bu şirkətin nəzdində “Export.gov.kz” portalı yaradılıb və sayt yerli malların ixracını təşviq edir. Saytda yer alan məlumata görə, ixracatçıları informasiya ilə təmin edən müxtəlif vasitələrlə yanaşı, ölkə telekanallarından birində portala aid ayrıca televiziya proqramı da fəaliyyət göstərir.”


“Azexport.az” Azərbaycan mallarını dünyaya tanıda bilərmi?

“Azexport.az” portalının məlumat bazası “eBay”, “Alibaba”, “AllBiz” kimi dünyanın iri elektron ticarət resurslarının məlumat bazası ilə inteqrasiya edilib. Digər tərəfdən, “Asan İmza” xidmətinin də portalla inteqrasiya edilməsi yerli sahibkarlara öz mal və xidmətlərini daha rahat və maneəsiz təqdim etməyə imkan yaradır. Əgər sahibkar şirkətin sahibi kimi gücləndirilmiş mobil electron imzaya malikdirsə, bu zaman o, əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər.


Dünyada onlayn ticarətin vəziyyəti nə yerdədir?





İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, dünyada internet vasitəsilə həyata keçirilən ticarətin həcmi kifayət qədər böyük sürətlə artır. Məsələn, 2012-ci illə müqaisədə 2016-cı ildə internet mağazalar vasitəsilə həyata keçirilən satışın həcmi 1,06 trlion dollardan 2,05 trlion dollara qədər arta bilib. Belə artım sürəti yaxın gələcəkdə internet mağazalar vasitəsilə həyata keçirilən ticarətin ümumi ticarət dövriyyəsində payının əhəmiyyətli şəkildə artacağından xəbər verir.

Bəs elektron ticarətin belə sürətlə artmasının əsas səbəbləri nədir?

Fikrət Yusifov qeyd edib ki, insanlar bu yolla ticarətlə məşğul olduqları zaman vaxta, vəsaitə qənaət etməklə yanaşı həm də istehsalçının özü ilə bilavasitə əlaqədə ola bilmək şansı qazanırlar, eyni malların qiymətlərini asanlıqla müqaisə edə bilirlər və s. Son illərdə internet mağazalar vasitəsilə Azərbaycan vətəndaşlarının həyata keçirdikləri ticarətin həcmi sürətlə artır. Elə bu səbəbdəndir ki, Vergilər Nazirliyi də bu yolla ticarət edənlərin müvafiq qaydada vergiyə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa başlayıb.


Yazı "Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur.


Miri Məcidli
Femida.az


Xəbərin oxunma sayı : 4414









Araşdırma
img

83 yaşlı tənha geoloqun acı taleyi: `Xoşbəxt Yusifzadə ilə birgə işləmişəm` - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img