• Ana səhifə / Manşet

Xəbər lenti

Azərbaycanda vəkil tutmaq neçəyə başa gəlir?- Vəkillər danışır


Tarix 18.11.17, 21:12


Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququ var. Vəkillərin prosessual hüquqları və vəzifələri Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələri ilə tənzimlənir.

Kimlər vəkil ola bilər?

- Ali hüquq təhsilli, hüquqşünas ixtisas üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində fəaliyyət göstərən, İxtisas Komissiyasında müvəffəqiyyətlə imtahan verən şəxs vəkil ola bilər.

Kimlər vəkil ola bilməz?

- İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli və fiziki qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, əvvəllər hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə görə vəzifəsindən azad edilmiş şəxslər, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.

Femida.az Azərbaycanda vəkillik xidməti göstərən şəxslərə ödənilən məbləğlə bağlı araşdırma aparıb. Şəxs onu müdafiə edən vəkilə nə qədər xidmət haqqı ödəməlidir? Bununla bağlı hər hansı bir meyar varmı?

Femida.az bununla bağlı Azərbaycanda fəaliyyət göstərən vəkillərdən münasibət öyrənib.

Ölkədə tanınmış vəkillərdən olan və daha çox səs-küylü proseslərdə iştirak edən Adəm Məmmədov mövzu ilə bağlı danışarkən qeyd edib ki, vəkilə ödəniləcək məbləğ qarşılıqlı anlaşma əsasında müəyyən olunur.






“Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunda qeyd olunur ki, məbləğ tərəflərin qarşılıqlı razılaşması nəticəsində hesablanır. Burada konkret məbləğ nəzərdə tutulmayıb. Elə olub ki, müdafiə etdiyim şəxsdən heç bir məbləğ almamışam. Bu insanın maddi durumu ilə bağlı olub. Elə də olub ki, 1000 manatlıq müqavilə imzalamışam. Ümumiyyətlə, məbləğin təyin edilməsi qarşılıqlı razılaşma ilə müəyyən olunur. Həmçinin burada işin ağırlığının və yüngüllüyünün də təsiri var. Vəkil istəsə 1 milyardlıq da müqavilə bağlaya bilər. Buna heç bir qadağa yoxdur.”

Vəkil Adəm Məmmədov qeyd edib ki, onun proseslərdə iştirak etməsi üçün ödəniləcək məbləğ 1000 - 5000 manat aralığında dəyişir.


Həm sosial şəbəkələrdə, həm də hüquq sahəsində aktiv vəkillərdən hesab olunan Asif Abdullayev qeyd edib ki, qanuna əsasən xidmət haqqını vəkil özü müəyyən edir. O, ödənilən məbləğin insanın imkanına əsasən müəyyən etdiyini bildirib.





“ Burada konkret məbləğ demək mümkün deyil. Bu fərdidir. Elə adamlar var ki, ona pulsuz yardım edirik.”

Vəkil Asif Abdullayev konkret hansı məbləğə proseslərdə iştirak etdiyini açıqlamaqdan imtina edib.


Uzun müddət daxili işlər orqanlarında çalışmış vəkil Sadiq Əfəndiyev mövzu ilə bağlı fikirlərini bildirərkən söyləyib ki, mülki hüququn müqavilə azadlığı prinsipinə uyğun olaraq vəkil və müştəri arasında bağlanan müqavilənin şərtləri hər iki tərəfin razılığı ilə müəyyən edilir.






“ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa görə hüquqi yardımın göstərilməsinə görə təyin edilən məbləğin məhdudlaşdırılması qadağandır və bu məbləğin təyin edilməsi vəkilin müstəsna hüququdur. Əgər vəkil vəkilin xidmətlərini ödəmək üçün maddi imkanı olmayan şəxsə dövlət hesabına hüquqi yardım göstərirsə, bu zaman göstərilən hüquqi yardımın məbləği qanunvericiliklə müəyyən olunmuş miqdarda dövlət tərəfindən ödənilir. Hazırda dövlət hesabına ödənilən hüquqi yardımın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə iş saatı üçün 2 manat müəyyən edilib.”

Vəkil Sadiq Əfəndiyev göstərdiyi vəkil xidmətinə görə ödənilən pulun vəkil sirri olduğu üçün məbləğini açıqlamaqdan imtina edib.

Ölkədə tanınmış vəkillərdən olan Ruslan Vəliyev qeyd edib ki, praktikada 100 manatdan tutmuş, daha böyük məbləğə rast gəlinir.





“Qanunvericiliyə görə tərəflər müqavilə bağlamağa azaddırlar. Lakin təcrübədə formalaşmış məbləğlər vardır ki, vəkillər də həmin məbləğlərə görə qiymət müəyyən edir.”

Vəkil həmçinin qeyd edib ki, əldə edilən pulun hamısı onlara qalmır.

“Qeyd edim ki, vəkillər aldıqları məbləğdən hər ay 46,60 manat aylıq üzvlük haqqı, 14% vergi, 20% sosial sığorta, 2% sığorta, həmçinin məsləhətxana xərci ödəyirlər. Orta məbləğ vəkilə görə deyil, işə görə dəyişir. Məbləğə işin ağırlığı, həcmi, vaxtı, məhkəmənin yeri və başqa hallar daxildir. Eyni iş Bakıda bir qiymətə , Qazaxda başqa qiymətə (daha baha) ola bilər.”

Femida.az-ın araşdırması zamanı məlum olub ki, paytaxtdaki qiymətlərlə kənar yerlərdə olan qiymətlər fərqlidir. Misal üçün daha çox Sumqayıtda fəaliyyət göstərən vəkil Anar Qasımlı qeyd edib ki, Sumqayıtda aşağı qiymət 100-500 manat arasında, yüksək qiymətlər isə 500- 1000 manat arasında dəyişir.





Avropa Şurasının HELP proqramı çərçivəsində təlim keçmiş vəkillərdən olan Ruhiyyə İsayeva mövzu ilə bağlı danışarkən qeyd edib ki, vəkillər və vəkillik fəaliyyəti haqqında AR Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin təşkilati forması nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.





Xanım vəkil qeyd edib ki, işin qiymətini vaxta və mürəkkəbliyinə görə təyin edir:


Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.

Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi vəkilin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.

Odur ki, vəkillər göstərdiyi hüquqi yardıma görə zəhmət haqqını müəyyən etməkdə sərbəstdirlər. Bu zaman vəkil işin mürəkkəbliyini, davamiyyətini, işin görüləcəyi yerin yaxınlığı, uzaqlığını, bir sözlə hüquqi yardımın göstərilməsi üçün sərf etdiyi vaxtı və zəhməti nəzərə alır. Bəzən hüquqi yardım üçün müraciət edən şəxslər iş onların xeyrinə nəticələnmədikdə pulun geri ödənilməsini tələb edir. Lakin hər kəs bilməlidir ki, vəkilə ödənilən zəhmət haqqı nəticəyə görə deyil, gördüyü işə və sərf etdiyi vaxta görə ödənilir.


Bəs dövlət hesabına təyin olunan vəkillərə nə qədər pul ödənilməlidir?
Ruhiyyə İsayeva bununla bağlı suala cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə müttəhimlərə və məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

“ Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarına əsasən müəyyən edilir.
Nazirlər Kabinetinin həmin Qərara etdiyi № 21 saylı, 27 yanvar 2010-cu il tarixli dəyişikliyə əsasən vəkilin göstərdiyi hüquqi yardım üçün sərf etdiyi vaxtı saatı 2 Azn məbləğində ödənilir.
Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.”


Mövzu ilə bağlı vəkillərlə yanaşı hüquqşünasların da mövqeyini öyrəndik.

Paytaxtda fəaliyyət göstərən hüquqşünas Vüqar Səfərli bildirib ki, məbləğin təyin olunmasında heç bir standart yoxdur. Bu, hüquqşünasla qarşı tərəfin razılaşması əsasında baş tutur. O, konkret məbləğ deməsə də, hər işin fərqli qiymətə olduğunu bildirdi.





Burada da regionlarda qiymətlər bir qədər fərqlidir. Daha dəqiq desək, paytaxta nisbətən regionlarda hüquqşünasların xidmətindən istifadə etmək bir qədər ucuzdur.

Qusarda hüquqşünas kimi fəaliyyət göstərən Samirə Sədyarlı bildirib ki, burada da qiymətlər müxtəlifdir. Onun sözlərinə görə qiymətlər görüləcək işlərə əsasən fomalaşır.





“ Hər işin öz qiyməti var. Ümumi olaraq deyim ki, məbləğ 200 -500 manat arası dəyişir. Misal üçün ailə problemləri, boşanmalar zamanı 150 manata müqavilə imzalayıram. Mülki işlərdə bu rəqəm 300 manata qədər yüksəlir. Cinayət işlərində isə 500 manat və daha çox ola bilir. Bu da işin ağırlığından asılıdır. Elə cinayət işləri var ki, qiymət 1000 -2000 manat arası dəyişir. ”

Göründüyü kimi Azərbaycanda vəkillərin proseslərdə iştirak etməsi üçün ödəniləcək məbləğin miqdarı qanunla müəyyən edilməyib. Bu məsələni tərəflər aralarındaki razılaşma ilə həll etməlidir.


Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 18550











Hüquq-mühafizə
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img