ABŞ-da anomal soyuqlardan 8 nəfər öldü


18:02     31 Yanvar 2019 19_01_31_1548939759.jpg

ABŞ-da müşahidə olunan anomal soyuq havalar azı səkkiz nəfərin ölümünə səbəb olub.


Femida.az xəbər verir ki, şaxtalı havalardan ən çox Şimali Dakota, Viskonsin, Ayova, Minnesota, Miçiqan və İllinoys ştatları əziyyət çəkir. Çikaqoda havanın temperaturu rekord həddə - mənfi 33 dərəcəyə düşüb. Şimali Dakotada isə mənfi 37 dərəcə şaxta qeydə alınıb. Bir çox şəhərlərdə məktəblər, dövlət müəssisələri və muzeylər bağlanıb. İctimai nəqliyyat fasilələrlə işləyir.

Ayova ştatının hökuməti çölə çıxan vətəndaşlara dərindən nəfəs almamağı və az danışmağı tövsiyə edib.

80 min evsizin yaşadığı Çikaqoda “isinmə mərkəzləri” yaradılıb. Çikaqo meri Ram Emanuel vətəndaşları vacib olmadıqca küçəyə çıxmamağa çağırıb. Yerli polis oğurluq hallarının artması ilə bağlı xəbərdarlıq edib. Belə ki, cinayətkarlar daha çox insanların isti geyimlərini ələ keçirirlər. “Küləkli şəhər” kimi tanınan Çikaqoda havanın temperaturunun mənfi 45 dərəcəyə qədər düşəcəyi gözlənilir.

ABŞ-ın iri aviaşirkətləri ölkənin orta qərb ərazilərində təxminən 1,8 min reysi ləğv ediblər.

Sinoptiklər anomal şaxtaları güclü arktik siklonları ilə əlaqələndirirlər. Alimlər isə ekstrimal soyuqlara qlobal iqlim dəyişikliyinin səbəb olduğunu açıqlayıblar.

Şaxtalı hava ümumilikdə ABŞ-ın 250 milyon sakininə təsir edib.

Açar sözlər:

Oxunub: 357