Vaqif Mustafazadənin doğum günüdür

Vaqif Mustafazadənin doğum günüdür


11:06     16 Mart 2019 19_03_16_1552720114.jpg


Vaqif Mustafazadənin 79-cu doğum günüdür. Dahi bəstəkar məhz 1940-ci il martın 16-da dünyaya gəlib.

O, 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. Vaqif 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

Daha sonra beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir: Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Vaqif fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. O, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarı sayılır.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Femida.az

Açar sözlər: #Vaqif_Mustafazadə  

Oxunub: 231