Zərdabda heyvanlar peyvənd olunur

Zərdabda heyvanlar peyvənd olunur


18:46     18 Aprel 2019 2019/04/15555-1555589391_1555594035.jpg

Zərdab rayonunda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Femida.az-a berilən məlumata görə, hazırda Zərdab Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 54724 baş iribuynuzlu, 113707 min baş xırdabuynuzlu, 830 baş təkdırnaqlı heyvan və 190130 başdan çox ev quşuna baytarlıq xidməti göstərir.

Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən Gəlmə kəndi ərazisində yerləşən Orucov Sakit Şamil oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan iribuynuzlu heyvanlar arasında xüsusi təhlükəli nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara, daha sonra isə dabaq xəstəlikləri əleyhinə profilaktik tədbir icra edilib.

Ümumiyyətlə, Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 41170 baş iribuynuzlu, 698 baş təkdırnaqlı heyvanda qarayara və 1806 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 25 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib.

Fevral ayından Zərdab rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə və quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 39486 baş iribuynuzlu heyvanda dabaq və 199900 baş quşda nyukasl xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Zərdab Rayon Baytarlıq İdarəsi tərəfindən Gəlmə kəndi ərazisində yerləşən Süleymanov Şahvələd İmamqulu oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılıb.

Mart ayında 32012 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Rayonda aparılan profilaktik peyvəndləmə tədbirləri ilə yanaşı dezinfeksiya işləri də görülüb. Belə ki, indiyə kimi 7970 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Zərdab rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Femida.az

Açar sözlər:

Oxunub: 155