Abid Şərifov Türkiyə səfirliyinə getdi - Səbəb


02:32     30 Oktyabr 2015 663b54b05536.jpg

Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin 92-ci ildönümü münasibətilə oktyabrın 29-da rəsmi qəbul təşkil edib.


Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir İsmayıl Alpər Coşqun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və keçdiyi inkişaf yolundan danışıb.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu vurğulayan səfir deyib ki, qarşılıqlı səfərlər, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır: "Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olub. Ortaq tarixə, keçmişə malik qardaş ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha inamla addımlayırlar".

Səfir Türkiyənin milli bayramının qardaş Azərbaycanda qeyd edilməsinin böyük şərəf olduğunu bildirib.

Tədbirdə iştirak edən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov hökumət adından Türkiyə dövlətini və xalqını bayram münasibətilə təbrik edib. Abid Şərifov bildirib ki, Türkiyə hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yol keçib: "Ölkələrimiz arasında münasibətlər böyük dostluq və qardaşlığın nümunəsidir. Tarix boyu Türkiyə hər zaman Azərbaycanın yanında olub, müstəqillik illərində də ölkəmizin dövlət quruculuğu istiqamətində atdığı bütün addımlara böyük dəstək verib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə Azərbaycanın yanında olub və ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında bizi dəstəkləyib".

Baş nazirin müavini deyib ki, iqtisadi münasibətlərin əsasını qarşılıqlı sərmayə qoyuluşları, enerji və nəqliyyat layihələri təşkil edir. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 30 faizdən çoxu Türkiyənin payına düşür. Ölkələrimiz iri nəqliyyat layihələri icra edir. Bunlardan ən böyüyü Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir. Bu layihənin işə düşməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdıracaq.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Açar sözlər:

Oxunub: 1061