19 yaşında ölkəsini xilas edən qız: Janna Dark


11:26     30 May 2019 19_05_30_1559201007.jpg


Janna Dark 1431-ci ilin bu günü tonqalda yandırılaraq edam edilib.

XV əsrin əvvəllərində Fransa çətin günlər keçirirdi. İngilislər fransızları boyunduruq altında saxlayır, müstəmləkəyə çevirmişdi. Ölkənin onu xilas edəcək qəhrəmana ehtiyacı var idi. Amma heç kim düşünməzdi ki, bu qəhrəman 19 yaşlı bir qızcığaz olacaq. 1412-ci ildə anadan olan Janna Dark dinə böyük hörmət bəsləyirdi. Kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi“ adlandırmışdı. Heç kim bu cılız qızcığazın gələcəkdə qəhrəmanlıq göstərəcəyinə və döyüş meydanlarında ad-san qazanan cəngavərlərin və məşhur sərkərdələrin bacara bilmədikləri müqəddəs bir vəzifənin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma hər şey birdən-birə dəyişdi...


Janna d'Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi. Bundan sonra ölkədə ingilislərin hakimiyyəti dövrü başladı. Belə bir qorxulu uşaqlıq dövrü yaşayan Janna müharibənin və məğlubiyyətin bütün ağrılarını öz üzərində hiss etmişdi. O, ölkənin xilası üçün kralla görüşmək arzusunda olduğunu bildirir. Janna kişi paltarı geyinərək kralın yanına gəlir. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi. Belə bir vəziyyətdə özünü Janna d'Ark kimi təqdim edən cavan bir qızdan krala məktub gəldi. Məktubda yazılmışdı: “Mən Tanrının elçisi Janna d'Arkam. Siz mənə (mənim rəhbərliyim altına) bir ordu verin, mən də sizə Fransanı verim".



Kral ömründə əlində əməlli-başlı qılınc düşmənlə üz-üzə gəlməyən bir qıza ordunun komandanlığının tapşırılması barədə dərhal əmr verdi. Amma ordu yox idi. Buna baxmayaraq, qısa bir müddətdə minlərlə fransız həvəslə Jannanın yanına axışdı. Onlar son nəfəsə kimi Jannanın rəhbərliyi altında düşmənlə döyüşməyə hazır olduqlarını bəyan etdilər.

Zəfər zəfər dalınca gəlirdi. Bir il ərzində Janna 'Arkın rəhbərliyi altında fransız ordusu düşmən əlində olan Orleanı, Patayı, Truanı və digər şəhərləri azad etdi. 1429-cu il, iyul ayının 16-da Janna 'Arkın başçılıq etdiyi ordu, nəhayət, Reymsi azad etdi. 1429-cu il, iyul ayının 17-də Reymsdə təntənəli tacqoyma mərasimi keçirildi və VII Karl taxta çıxdı.



Taxta çıxandan az sonra VII Karl dəyişməyə başladı və o, düşmən əlində qalan torpaqları savaş yolu ilə deyil, dinc danışıqlar vasitəsi ilə azad etmək niyyətinə düşdü. Ona görə də kral Parisi azad etmək istəyən Jannaya lazımi qədər yardım göstərmədi və ona kömək üçün əlavə hərbi qüvvələr göndərmədi. Karl Jannanın ordu və xalq içində olan nüfuzundan narahat olmağa başlamışdı. Ona görə də o, Jannanın aradan götürülməsini istəyirdi. Buna görə də Janna xəyanət qurbanı oldu. İngilislər Jannanı ələ keçirdi və fransızlara gözdağı vermək üçün onun edamını bir şouya çevirdilər.

Məhkəmə onun tonqalda yandırılması barədə qərar qəbul etdi. 1431-ci il, may ayının 30-da Ruandakı köhnə bazarda qurulan tonqalda bu qəhrəman qızı yandırdılar. Janna son anadək özünü mətanətlə apardı və bu dəhşətli edamı mərdliklə qarşıladı. 1455-cı ildə kilsə məhkəməsi işə yenidən baxaraq, Janna 'Arkın günahsız olduğunu elan etdi. 1909-cu ildə kilsə Janna 'Arkı müqəddəslər sırasına daxil etdi. 1979-cu ildə isə Fransa hökuməti hər il may ayının ikinci bazarının Janna 'Ark günü elan edilməsi barədə qərar qəbul etdi.



Femida.az

Açar sözlər: #Fransa   #tarix   #Janna_Dark  

Oxunub: 4849