Baş müstəntiq məhkəmədə ŞOK ifadə verdi


15:26     06 Noyabr 2015 266771.jpg



Femida.az xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər Məmmədov İlkin Fərhad oğlu, Həmidzadə Ramal Güləsgər oğlu və Əhmədov Nemət Azər oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis mayoru Əflatun Səlimovun dindirilməsi ilə başladı.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Anar Qasımlı və Telman Talıbov da, iştirak edirdi. Proses vəkillərin baş müstəntiq Əflatun Səlimova sualları ilə başlayıb.

Stenoqram

Vəkil Telman Talıbov : İttiham aktında yazılıb ki, təqsirləndirilən şəxslər müxtəlif ifadələr veriblər. Onların verdikləri ifadələr ziddiyətlər təşkil edir.
Siz onlar arasında üzləşmə apardınızmı?

Müstəntiq: Onların sonuncu verdiyi izahatlar özünümüdafiə xarakteri daşıyır.Onlardan ilkin olaraq, xəsarət almaları barədə izahat alınıb, döyülmə faktı barədə də, araşdırma aparılıb.Sonda belə nəticəyə gəlinib ki, Səbail rayonu 8-ci polis bölməsində onlara heç bir təzyiq və xəsarət olmayıb.

Vəkil: Zərərçəkmiş şəxs deyir ki, siz ondan izahat almamısınız. Siz haradan belə nəticəyə gəlmisiniz?

Müstəntiq: Siz məndən sui-istifadə edirsiniz. 8-ci bölmədə bütün bunlarla bağlı araşdırma aparılıb. Səbail rayon prokurorluğunda da, döyülmə faktı ilə bağlı işə baxılıb.

Hakim Novruz Kərimov fasilə elan edir. 15 dəqiqə sonra məhkəmə yenidən davam edir. Təqsirləndirilən şəxsin vəkili Anar Qasımlı müstəntiqə işin gedişi ilə bağlı suallar verdi.

Vəkil: Sizə qədər olan izahatlarla tanışsınız?

Müstəntiq: Xeyr.Yadımda deyil.

Vəkil: Zərəçəkmiş ilkin ifadəsində nə demişdi?

Müstəntiq: Onun nə deməsi yadımda deyil.Səhv etmirəmsə onu zərəçəkmiş kimi mən tanımışam.

Vəkil: Zərərçəkmişin üzərində qan olan köynəyi maddi sübut kimi tanınıbmı?

Müstəntiq: Tanınmayıb.Çünki, ona qədər yuyulmuşdu köynək

Vəkil: Sizdə bunların əməllərinə quldurluq kimi qiymət verilməsinə daxili inamın formalaşmasına səbəb olan amillər nədir? Hansı sübutlar əsasında siz qərar belə qəbul etmisiniz?

Müstəntiq: Buna cavab verə bilmərəm.Məni buraya başqa məqsədlə çağırıblar.Sübutların siyahısı işdə var.

Vəkil: Maşının qaçırılması heç yerdə qeyd olunmayıb.Necə yarandı ki, siz maşını ekspertizaya göndərdiniz və belə qənaətə gəldiniz ki, maşını qaçırıblar.

Müstəntiq: Cavab verə bilmərəm.Yadımda deyil. Bu zaman təqsirləndirilən şəxslərin zalda əyləşən qohumları müstəntiqin düzgün ifadə vermədiyini iddia etdilər. Hakim tərəfləri sakitliyə çağırdı. Qısa fasilədən sonra məhkəmə prosesi davam etdi.

Vəkil: Bəs hadisəni görən şahidlər olubmu?

Müstəntiq: Xeyr

Vəkil: Sizə qədər bu iş üzrə şahid olmayıb. Yalnız sizin işə baxmağa başladığınız andan yeni şahidlər dindirmisiniz.Onları necə müəyyən etdiniz?

Müstəntiq: Onları sahə müvəkkili gətirdi.Onlar bilavasitə hadisəni görməyiblər. Hadisədən sonrakı, proses haqqında danışıblar.

Vəkil qeyd edir ki, müstəntiq ifadə verməyə hazır deyil.Verilən suallardan yayınır. Hakim müstəntiqin burada yalnız şahid kimi dindirildiyini diqqətə çatdırdı. Bundan sonra hakim təqsirləndirilən şəxs İlkinə bir neçə sualla müraciət etdi.

Hakim: Müstəntiq sizdən izahat alıbmı?

Təqsirləndirilən şəxs: Xeyr

Hakim: təqsirləndirilən şəxsə: Sizə müstəntiq Əflatun Səlimov tərəfindən hər hansı fiziki təzyiq olubmu?

Təqsirləndirilən şəxs İlkin : Həmin günü atam məni könüllü olaraq 8-ci polis bölməsinə gətirdi. Oradan bizi Nərimanov rayonu müvəqqəti saxlama məntəqəsinə gətirdilər. Orada Əflatun Səlimov gəldi. Bizə dedi ki, kağızlara qol çəkin sizi buraxırıq.Biz də, çəkdik. O, bizə heç bir fiziki təzyiq etmədi.Amma məni 8-ci bölmədə döymüşdülər.

Hakim müstəntiqə: Siz Ramalı dindirərkən alnında tikiş var idi?

Müstəntiq: Yadımda deyil.

Bu zaman yenidən tərəflər arasında qalmqal yaşandı. Təqsirləndirilən şəxslərin valideyinləri müstəntiqin tikişi sökdürmək üçün həkimə apardığını iddia etdilər.
Müstəntiq son çıxışında bildirdi ki, təqsirləndirilən şəxslərin yaxınları ondan yox, Səbail rayonu 8-ci bölmədən şikayətçi olub. Növbəti məhkəmə prosesi 12 noyabr 2015- ci il tarixə təyin edildi.

Xatırladaq ki, Məmmədov İlkin Fərhad oğlu Həmidzadə Ramal Güləsgər oğlu 170.3., 181.2.1. və 181.2.5-ci Əhmədov Nemət Azər oğlu isə, Azərbaycan Respublikası CM-nin 181.2.1. və 181.2.5-ci maddələri ilə təqsirli bilinib. 170.3-cü maddə isə sonradan işin müstəntiq Əflatun Səlimovun ictaatına verildikdən sonra cinayət işinə əlavə edilib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9177