Radikal dindarlarla nə edək? - QALMAQALLI TƏHLİL


20:29     06 Noyabr 2015 islamist4.jpg

Elxan Şahinoğlu: “İranda da vaxtilə dini radikallaşma meyilləri bu cür başlamışdı” .


Azərbaycan konstitusiyon quruluşuna görə dünyəvi dövlət olduğuna görə bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyamızın 18-ci maddəsində qeyd olunur:

Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.

Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.


Konstitusiyamızda yer alan bu müddəalar əslində hümanizm örnəyi kimi dəyərləndirilə bilər. Yəni bir dövlət dünyəvi dövlət statusuna yiyələnmək üçün öz konstitusiyasını ancaq bu formada tərtib edə bilərdi. Bütün dini etiqadlar qanun qarşısında bərabər olması əslində dini radikalizm meyllərinin qarşısını alan müsbət bir ideyadır.

Lakin, istəsək də istəməsək də bugünkü cəmiyyətimizdə dini radikallaşma meyilləri ciddi şəkildə hiss olunur. Hətta, qeyd etməliyik ki, bu meyillər günbəgün artmaqdadır. Dindarların son dövrlər kütləvi şəkildə saxlanılması bu radikalizmi azaltmaq əvəzinə, daha da artırdı. İstənilən halda hüquq-mühafizə orqanlarının dindarları kütləvi şəkildə saxlaması problemi həll etmək deyil. Əalində bu taktika problemi daha da alovlandırmaqdan başqa heç bir işə yaramır. Son dövrlər dini radikalizmin daha da genişlənməsi bu fikri bir daha sübut edir. Dövlət zor gücünə bu problemin qarşısını almaq istəyərsə, konstitusiyamızdan irəli gələn dünyəvilik prinsipimiz daha çox zərər görəcək və bu isə təbii olaraq radikalların işinə yarayacaq. Dünənki məlum hadisələr isə problemin “pik” nöqtəyə çıxmasından xəbər verirdi. Hadisələrin mövcud gedişatından ən çox dövlətçiliyimizin zərər görəcəyi istisna edilmir.



Bəs bu təhlükələrdən necə sovuşaq? Kütləvi həbslər, yoxsa düzgün maariflənmə?

Nəzərə almaq lazımdır ki, bütün problemin kökündə elmsizlik, təhsilin aşağı səviyyədə olması dayanır.

Danılmaz faktdır ki, maariflənməyə ac olan bir cəmiyyətimiz var. Cəmiyyətin düzgün istiqamətdə maariflənməyə ehtiyacı var. Əminəm ki, ölkədə təhsilin səviyyəsi yüksələndən sonra heç bir fərd hansısa dini radikal qruplaşmaya üzv olmaz. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyəti dini radikallaşmanın daha da genişlənməsinə xidmət edəcək. Nəticədə dindarlar üzərində məzlum obrazı yaradılacaq və həmin qruplar öz ətraflarında daha geniş kütləni yığa biləcəklər.

Mövzu ilə bağlı Femida.az-a danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu fikrincə, elə etməliyik ki, İranla eyni taleyi yaşamayaq:



“Əlbəttə ki, qanunları pozanlara qarşı adekvat cavab tədbirləri görülməlidir. Nəzərə almaq lazımdır ki, kütləvi həbslər vəziyyəti daha da qəlizləşdirə bilər, çünki həmin şəxslərin də ətrafında tərəfdar qurupu var. Bu isə həmin tərəfdarları qıcıqlandıra bilər və nəticədə, radikallaşma meyilləri daha da genişlənər. İranda da vaxtilə dini radikallaşma meyilləri bu cür başlamışdı. Sonradan İrandakı vəziyyət mövcud duruma gəlib çıxdı. Təbii ki, həmin proseslərin ölkəmizdə təkrarlanmasını istəmirik. Əgər biz özümüzü tolerant ölkə hesab ediriksə, həmin qruplaşmalarla dialoq qurmalıyıq. Bunun sayəsində sabitliyə, Azərbaycanın inkişafına nail ola bilərik”.

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə həmin qruplaşmalarla dialoq qurulmasının qəti əleyhinə çıxış etdi:



“Kimsə dini pərdə altında hansısa qüvvələrə xidmət edirsə, qanundan kənar işlər görürsə, onlarla kim dialoq apara bilər? Onlara qarşı mübarizə aparmaq lazımdı. Mən demirəm ki, hamısı tutulmalıdır. Amma onlara izah etmək lazımdır ki, biz demokratik ölkənin vətəndaşlarıyıq. Dini radikalizmi məqsədli şəkildə cəmiyyətdə yayanlarla dialoq qurmaq olmaz. Aşura mərasiminin keçirilməsində həddindən artıq loyallıq göstərildi. İnsanlarla kütləvi maarifləndirmə işi aparmaq lazımdır. Bizim ənənəvi dinlərimiz var. Onlar heç bir zaman insanlara problem yaratmayıb.Biz tolerant ölkəyik. Burada daxili və xarici qüvvələr var ki, onlar ölkədə sabitliyi pozmaq istəyir. Onlara qarşı işlər görülməlidir”.

Sahib Məmmədov həmçinin, radikal qruplaşmalara qarşı sivil yolla mübarizə aparmağın vacibliyini vurğuladı.



Nəzərə almaq lazımdır ki, düzgün istiqamətdə maariflənmiş şəxs heç bir halda hansısa dini radikal qruplaşmaya gedib üzv olmaz. Hətta radikal qruplaşmalara qarşı sivil yolla mübarizə də apara bilər. Nəticə etibarilə, həmin qruplaşmaların sosial bazası zəifləyər və tədricən sıradan çıxarlar. Dini radikallaşmaya qarşı başqa üsulla mübarizə aparmaq isə həm dünyəviliyimizə zərər vuracaq, həm də radikallaşma meyillərini daha da artıracaq.

Türk qardaşlarımız demişkən bu “yanğına körüklə getmək” anlamından başqa bir məna kəsb etmir.

Femida.az

Açar sözlər:

Oxunub: 3432