BNA Bakının giriş-çıxış nöqtələrinə nəzarəti gücləndirib


20:58     11 Avqust 2019 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg

Qurban bayramı günlərində şəhər yollarında nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm marşrut xətti üzrə avtobusların normal fəaliyyətini tənzimləmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) xüsusi rejimdə fəaliyyət göstərir.

BNA-dan Femida.az-a verilən məlumata görə, marşrut avtobuslarının daha çox keçdiyi dayanacaq məntəqələri, metro stansiyalarının ətrafı, şəhərin giriş-çıxış nöqtələrinə nəzarət gücləndirilib.

Görülən tədbirlər sayəsində əvvəllər xaotik vəziyyətin müşahidə olunduğu metronun “Gənclik”, “20 Yanvar” stansiyalarının ətrafındakı, "Şamaxinka" adlanan ərazidə və Lökbatan dairəsi yaxınlığındakı avtobus dayanacaq məntəqələri taksi minik avtomobillərindən təmizlənib. Nəticədə qeyd edilən ərazilərdən keçən müntəzəm marşrut avtobuslarının intervalındakı gecikmələr əhəmiyyətli dərəcədə azalıb, sərnişinlərin avtobuslardan rahat və təhlükəsiz istifadəsi təmin edilib.

BNA hərəkət iştirakçılarına diqqətli olmağı, yol hərəkəti qaydalarına riayət etməyi və bir-birinə qarşı anlayışlı olmağı tövsiyə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 471