Fransa polisi qətliam təşkilatçısını öldürdü


03:39     19 Noyabr 2015 61270eb27cbad8c61e1ea6b7f585ceaf.jpg

Parisdə baş vermiş terror aktlarının təşkilatçısı, 28 yaşlı Abdelhəmid Əbaud öldürülüb.


Bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Məlumata əsasən, terrorçu Paris yaxınlığında polis tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində məhv edilib. Yeddi saat davam edən əməliyyatda 100-ə yaxın polis əməkdaşı iştirak edib.

Parisin prokuroru Fransua Molens bildirib ki, xüsusi əməliyyat Abdelhəmid Əbaudun yerinin müəyyənləşdirilməsindən sonra başlayıb. Terrorçunun məhv edildiyi barədə hələ ki, rəsmi açıqlama verilmir. F.Molens əməliyyat nəticəsində 2 terrorçu, 1 kişi və 1 qadının məhv edildiyini təsdiqləyib. Həmçinin terrorçularla əlaqəli olan 7 nəfərin həbs olunduğu bildirilir. Yerli KİV-lərin məlumatına görə, onlar Parisin Şarl de Qoll və Defans işgüzar bölgəsində terror aktları törətməyə hazırlaşıblar.

Qeyd edək ki, Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən axtarılan, Belçikada doğulmuş ərəb əsilli Abdelhəmid Əbaud İŞİD sıralarında döyüşmək üçün Suriyda olub.

Xatırladaq ki, noyabrın 13-də Parisdə baş verən bir neçə terror aktı nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb. (Apa)

Açar sözlər:

Oxunub: 539