Vəkillər Kollegiyasından 25 dekabr sərəncamı ilə bağlı - BƏYANAT


14:03     26 Dekabr 2019 19_12_26_1577354685.jpg


“Vəkil günü” peşə bayramının təsis edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyəti Bəyanat yayıb. Femida.az həmin bəyanatı təqdim edir:

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında mütərəqqi məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi ilə respublikamızın hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur.

Aparılmış islahatlar zamanı Ulu öndərin ədalət mühakiməsinin mühüm tərkib hissəsi olan vəkillik institutuna böyük qayğısının təzahürü olaraq ölkəmizdə ilk dəfə 28 dekabr 1999-cu il tarixdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul edilmişdir.

Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla yürüdülən mütərəqqi hüquq siyasəti çərçivəsində vəkilliyə göstərilən yüksək diqqət və qayğının təzahürü kimi 11 mart 2005-ci il tarixdə “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” və 22 fevral 2018-ci il tarixdə “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamlar, habelə 3 aprel 2019-cu il tarixdə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman qəbul olunmuşdur.

Ölkəmizdə güclü və nüfuzlu vəkillik təsisatının formalaşdırılması və səmərəli fəaliyyəti üçün böyük əhəmiyyəti olan sözügedən Fərman və Sərəncamlarla dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğ 3 dəfə artırılmış, bu vəsaitin vəkillərə ödənilməsi işi Kollegiyaya həvalə edilmiş, həmçinin Kollegiyanın maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli və regional vəkil bürolarının yaradılması barədə tövsiyələr verilmişdir ki, qeyd olunanlar vəkillər tərəfindən rəğbətlə qarşılanmışdır.

Möhtərəm cənab Prezident İlham Əliyevin hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi barədə 25 dekabr 2019-cu il tarixli Sərəncamı vəkillərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir.

Xüsusilə sevindirici haldır ki, “Vəkil günü” xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul edilmiş 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır.

Əminliklə bildiririk ki, bu Sərəncam vəkillik institutunun inkişafına və gücləndirilməsinə dəstək olmaqla yanaşı, ölkəmizdə vəkil peşəsinin nüfuzunun daha da artmasına təkan verəcəkdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri adından möhtərəm cənab Prezidentimiz İlham Əliyevə Azərbaycan vəkilliyinin tarixinə bəxş etdiyi bu mühüm günə görə təşəkkürümüzü bildirir, vəkillər olaraq dövlətimiz və vətəndaşlarımız qarşısında olan vəzifələrimizin məsuliyyətini hər zaman dərk edərək, bilavasitə Dövlət başçısının rəhbərliyi altında aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarını tam dəstəklədiyimizi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətindəki tövsiyələrini ən yüksək səviyyədə nəzərə alacağımızı bəyan edir və hərtərəfli dəstəyinə görə bir daha sonsuz minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının
Rəyasət Heyəti


Femida.az

Açar sözlər: #VəkillərKollegiyası  

Oxunub: 1264