"Vəkil günü" - Anar Qasımlı yazır


19:12     27 Dekabr 2019 19_12_27_1577453558.jpg

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Vəkil günü" peşə bayramının təsis edilməsi haqqında 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd ediləcək.

Hesab edirəm ki, artıq Azərbaycan vəkilliyinin şüarına çevrilmiş "Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır" sözləri ilə öz siyasi iradəsini ifadə edərək, ölkəmizdə vəkillik təsisatının müstəqilliyinin qarantı olduğu mesajını verən cənab Prezidentin bu Sərəncamı Azərbaycan vəkilliyinin 100 illiyi ərəfəsində vəkillərimiz üçün ən gözəl hədiyyədir.

Ölkəmizdə əksər peşə sahiblərinin peşə bayramı günü olsa da 100 illik ümumi tarixi, 20 illik tam müstəqillik tarixi olan Azərbaycan vəkilliyinə aid rəsmi qəbul edilmiş peşə bayramı günü yox idi. Son illərədək gah ədliyyə işçilərinin peşə bayramı günündə ədliyyə sevincindən bizə düşən payla kifayətlənir, gah da "Beynəlxalq insan hüquqları günü", "hüquqşünaslar günü" kimi əlamətdar tarixləri özümüzə aid edirdik.

Bu boşluğu aradan qaldırmaq üçün 2017-ci ilin 7 dekabr tarixində formalaşan Vəkillər Kollegiyasının yeni Rəyasət Heyətinin və şəxsən sədr Anar Bağırovun gərgin əməyi nəticəsində VK RH-nin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi təsis olundu. Əlbəttə, bu rəsmi dövlət təsisi deyildi, bir qeyri-dövlət təşkilatının daxili qərarı idi. Vəkillərin böyük sevinc hissi ilə qarşıladığı bu qərar dövlət arxivlərində və kitabxanalarda aparılan araşdırmaların nəticəsi idi. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə işçi qrupu Cümhuriyyət dövrünə aid sənədləri araşdıraraq, vəkilliyə aid sənədlər, normativ hüquqi aktlar axtarışına çıxmışdı. Təəssüf ki, axtarışlar ürəkaçan nəticə vermirdi. Cəmi 23 ay yaşamış və işğala məruz qalmış Cümhuriyyətimiz dövründə müstəqil vəkillik təsisatının yaradılması mümkün olmamış, aparılan araşdırmaların nəticəsi olaraq, müəyyən edilmişdir ki, 30 iyul 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin qərarı ilə Azərbaycan Məhkəmə Palatası Dairəsi üzrə Andlı Müvəkkillər Şurasının təşkili işinə başlanılıb.

Araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, 12 noyabr 1919-cu il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müraciəti əsasında vəkillərin dəqiqləşdirilmiş siyahısının təqdim edilməsi xahiş edilib, həmin dövrdə 100 nəfərdən artıq vəkil fəaliyyət göstərsə də, onlardan yalnız 8 nəfəri milliyyətcə azərbaycanlı olub. Qeyd etmək lazımdır ki, həmin dövrdə vəkillər işlərə yalnız məhkəmə baxışı mərhələsində buraxılırdılar.

Beləliklə, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub.

Sovet hakimiyyəti illərində Azərbaycanda vəkillik təsisatı olsa da, həmin təsisat müstəqil olmamış, Ədliyyə nazirliyinin tabeçiliyində fəaliyyət göstərib.

Azərbaycanda vəkillik institutunun müstəqil təsisat kimi formalaşması və fəaliyyət göstərməsi "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli qanunun imzalanması ilə mümkün olub, Azərbaycan tarixində ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Müstəqil Azərbaycan Respublikasının müstəqil Vəkillər Kollegiyası təsis olunub.

Bu baxımdan 2019-cu il Azərbaycan vəkilliyinin 100 illiyi, müstəqil vəkillik institutunun yaradılmasının 20 illiyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təsis olunmasının 15 illiyi kimi əlamətdar ildir. xüsusi olaraq qeyd olunmalıdır ki, hələ də bir çox keçmiş sovet respublikalarında vəkillik tam müstəqil təsisat deyil, icra hakimiyyəti orqanı olan Ədliyyə nazirliyinin nəzarətindədir.

Cənab Prezidentin Sərəncamından da göründüyü kimi, dövlət başçısı məhz müstəqil vəkillik təsisatının yaranmasını nəzərdə tuttan Qanunun imzalanması tarixini, yəni 28 dekabr tarixini "Vəkil günü" peşə bayramı kimi təsis edib. Peşə bayramı gününün təsis olunması qətiyyən Azərbaycan vəkillik tarixinin 28 dekabr 1999-cu ildən başlanması anlamına gəlmir.

Ölkəmizdə vəkillərin peşə bayramı günü kimi təsis olnmağa, belə demək mümkündürsə, 3 əsas tarixi gün namizəd idi. Bu ya 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü, ya "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunun imzalandığı 28 dekabr 1999-cu il tarixi yaxud da müstəqil Azərbaycan Respublikasının müstəqil Vəkillər Kollegiyası təsis olunduğu 3 noyabr 2014-cü il tarixi ola bilərdi. Cənab prezident öz qanuni səlahiyyətlərindən istifadə edərək, vəkilliyin tam müstəqillik qazandığı günü bizlərə peşə bayramı günü kimi, "Vəkil günü" kimi bəxş etdi. Bu, Azərbaycan vəkilliyinin son 2 il ərzində qazandığı uğurlara, güclü və nüfuzlu təsisata çevrilməsinə görə, bir təşəkkür ifadəsidir həm də. Düşünürəm ki, 28 dekabr tarixinin seçilməsinin özündə də bir sətiraltı mesaj var. Yazının əvvəlində qeyd etdiyim kimi, artıq Azərbaycan vəkilliyinin şüarına çevrilmiş "Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır" sözləri ilə öz siyasi iradəsini ifadə edərək, ölkəmizdə vəkillik təsisatının müstəqilliyinin qarantı olduğu mesajını verən cənab Prezident növbəti dəfə eyni mesajı verərərk, öz siyasi iradəsini bir daha ifadə etdi.

Təşəkkürlər, cənab Prezident!

Artıq təqvimdə Azərbaycan vəkilinin üç bayram günü var: 30 iyul - vəkilliyin təşəkkül tapması günü, 28 dekabr "Vəkil günü" peşə bayramı və 3 noyabr müstəqil Vəkillər Kollegiyasının təsis günü. Hər üç gün vəkillər üçün əzizdir, doğmadır, bayram günüdür.

Anar Qasımlı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Sumqayıt Regional vəkil bürosunun rəhbəri


Femida.az

Açar sözlər: #VəkillərKollegiyası   #Vəkilgünü  

Oxunub: 3235