Prezident: "Vaxtında tədbirlər görməsəydik, xəstələrin sayı daha çox olardı"


17:02     17 Aprel 2020 20_04_17_1587128768.jpg

“Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə atmalıyıq. Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir”.

Femida.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

“Təbii ki, bu şəraitdə iqtisadi sahəyə daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir ki, əgər bizim güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik. Xüsusilə pandemiya dövründəki bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.

Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyub və bu günə qədər 140 mindən çox insan həyatını itirib. Bu xəstəlik sərhədlər tanımır. Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son 3-4 günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir".

"Bir daha demək istəyirəm ki, əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı 1 000 yox, bəlkə, 10 min, 20 min, bəlkə də, daha çox olardı. Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün nümunə olub. Amma, demək olar ki, böyük imkanlara malik olan ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir və o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə də bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qarşısını almaq idi. Bu yoluxma zəncirini qırmaq idi. Bütün görülmüş tədbirlər bu məqsədi güdürdü ki, biz az itkilərlə bu vəziyyətdən çıxaq, vətəndaşlara köməklik göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək", - dövlət başçısı əlavə edib.

Femida.az

Açar sözlər: #prezident  

Oxunub: 840