“Dövlət həmişə dinin yanındadır” - Siyavuş Novruzov


16:59     04 Dekabr 2015 1432984832_siyavush-novruzov-afn.jpg

“Uzun müddətdir Azərbaycan cəmiyyətindən Milli Məclisə dini ektremizmə qarşı qanunun qəbul edilməsi haqqında müaciətlər daxil olur. Ona görə, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi hazırlanıb parlamentin müzakirəsinə çıxarılıb”.


Femida.az-ın məlumatına görə, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar üzrə komitənin sədri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, sözügedən qanun layihəsinin qəbulu vətəndaşlarımızın, dövlətimizim müdafiəsi üçün önəmli addımdır.Bildirib ki, uzun müddətdir bu sferada fikir mübadilələri aparılır: “Bu gün Azərbaycanda din modeli başqa ölkələrdən fərqlidir. Hesab edirəm ki, ən düzgün model Azərbaycan modeldir. Həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Ölkədə dini abidələr bərpa olunub və yeniləri tikilib. Azərbaycanda bu sferada aparılan işlər digər ölkələrdə yoxdur. Ölkəmizdə dinlə dövlət ayrı olsa da, dövlət həmişə dinin yanındadır”.

Komitə sədri deyib ki, din pərdəsi altında ayrı-ayrı dövlətlər idealogiyalarını Azərbaycana ixrac etməyə çalışırlar: “Vaxtilə başqa-başqa dövrlərdə demokratiya və insan hüquqları adı altında dövlətlər öz ideologiyalarını yaymağa çalışırdılar. İndi, həm də din pərdəsi altında məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Sözügedən qanunla belə halların qarşısı alınacaq”.

O qeyd edib ki, bu qanun layihəsi Nardaran hadisələrindən öncə qəbul edilməli idi ki, orada yaşayan insanların hüquqları qorunaydı.

Millət vəkili bəzi insanların başqa ölklərin ərazisinə gedərək, orada din adı altında döyüşdüklərini və qanun layihəsinin belə halların qarşısının alınması üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Qeyd edim ki, Avropa ölklərində də belə qanun qəbul olunub. Avropa Birliyinə daxil olan ölkələrdən 10 minə yaxın insan başqa dövlətlərdə döyüşürlər”.

Komitə sədri deyib ki, sözügedən qanun layihəsində dini ekstremistlərə qarşı hüquq-mühafizə orqanlarının sərbəst əməliyyat aparması üçün də müddəalar yer alıb.

S. Novruzov qanun layihəsində jurnalistlərin dəqiqləşdirilməmiş və icazə verilməyən məlumatları yaymalarına qarşı da maddə olduğunu bildirib: “Bəzi mətbuat orqanları qızışdırıcı mövqe tuturlar və icazə verilməyən, yalan məlumatlar yayırlar. Dəqiqləşdirilməmiş və icazə verilməyən məlumatların yayılmasına görə həmin mətbuat orqanı və jurnalist məsuliyyət daşıyacaq”.

Açar sözlər:

Oxunub: 748