Ramil Usubov yanğın qəhrəmanları ilə görüşdü


21:52     22 May 2015 polis%20qehreman.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən "qəhrəman polis" adlandırılan polis əməkdaşı Elvin Abışovu və ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən "Report.az" İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimovu qəbul edib.


Xidməti və vətəndaşlıq borclarını layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirən nazir fərqlənmiş əməkdaşların, o cümlədən təxliyə və xilasetmə işləri zamanı müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən Çevik Polis Alayının əməkdaşı Şahin Qocayevin mükafatlandırılması barədə müvafiq əmrlər imzaladığını bildirib.

Daxili işlər naziri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə Orxan Əzimova Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı da təqdim edib.

Qeyd edək ki, "Report.az" İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimovun hadisə baş verən yerdən çəkdiyi foto "Associated Press", "The Times", "The Guardian", "The Huffington Post" və s. nüfuzlu nəşrləri tərəfindən "Günün fotoları" rubrikasında dərc olunub.

Açar sözlər:

Oxunub: 647