İcbari sığorta haqqında qanunda dəyişiklik


21:33     18 Dekabr 2015 85371956.jpg

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İcbari sığortalar haqqında” Qanunda dəyişikliklər edilməsi müzakirə olunub.


Femida.az-ın məlumatına görə, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dəyişikliklə bağlı danışıb. O məlumat verib ki, əlavə olunan 11.3 və 11.4-cü maddələrə görə, sığorta vasitəçiləri bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulan icbari sığorta növləri üzrə sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.

Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqında hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.

Əlavə olunmuş 34-2.0.5 və 34-2.0.6-cı maddələrə görə isə, informasiya sisteminin məlumatlarla təchiz edilməsinə hər hansı şəxsin əmək müqaviləsinin mövcudluğu, həmin müqavilənin digər tərəfinin tam adı, bağlandığı tarix və müddəti barədə, orta aylıq əmək haqqı miqdarının hesablanması üçün tələb olunan məlumatlar daxil edilib.

Sözügedən Qanuna yeni 50-3-cü maddə də əlavə edilib. Bu maddə standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına dair əlavə tələblər haqqındadır. Qeyd olunur ki, bu Qanunun 50-1.0.1 və 50-1.0.2-ci maddələrdə nəzərdə tutulan icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənəd formasında bağlanır.

Qanuna əlavə edilən 52-1-ci maddədə avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə əlavə tələblər irəli sürülür. Zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və ya yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyətini icbari formada sığortalanmış sığortaçıdan tələb edir.

Zərərçəkənin bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.

Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsi ilə bağlı mülki məsuliyyəti icbari formada sığortalanmış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Əlavə olunan 63.5-ci maddəyə əsasən, bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalanmış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalanmış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişininin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Açar sözlər:

Oxunub: 1293