Nardaranda bu qədər silah-sursat haradandır? - CAVAB


15:04     23 Dekabr 2015 nardaran%20poliss.jpg

Xəbər verdiyimiz kimi ötən gün Nardaran Ağsaqqallar Şurasının üzvü, 63 yaşlı Seyidəli Ağayev polis əməkdaşları tərəfindən saxlanıldı və onun yaşadığı evdən çoxlu sayda avtomat patronu, odlu silah aşkar olunaraq götürüldü.


Lakin bu hadisə ilk deyil. Bundan əvvəl də Nardaranda keçirilən əməliyyatlar nəticəsində, xeyli sayda avtomat , əl qumbarası, soyuq silahlar və s. aşkar olunub.

Ümumiyyətlə, son bir ayda Nardaranda aşkar olunan silahların statistikasına nəzər yetirsək, vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu anlamaq olar.

Sual yaranır:

Əgər ölkədə silah satışı qadağandırsa, Nardaran sakinləri bu silahları necə əldə edirlər?


İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist İlqar Altay baş verən prosesləri aşağıdakı kimi izah etdi:

“Nardaranda polis orqanları ilə baş verən qarşıdurmaların kəskinliyi və tapılan silahların çoxluğu indiyədək görünməmiş dərəcədədi. Buna görə bu məsələyə izah vermək üçün daha geniş spektrdən yanaşmaq lazımdır. İllərlə Nardaran ölkəmizdə radikal şiəliyin mərkəzi-yuvası kimi bilinirdi. Bu gün Nardaran artıq bu cərəyanın mərkəzi deyil, ölkədə bərqərar olmuş, hətta terror törədə biləcək böyük şəbəkənin bir qoludur. Bu son illərdə cənubdan gələn radikal şiə cərəyanı Bakının digər kəndlərini, Lənkəran, Masallını, Mil-Muğan, hətta Gəncə-Qazax zonalarını da əhatə edir. Bu ilki aşura əvvəllərdə olduğu kimi sadəcə möizə oxuyub şaxsey-vaxsey vurmaqla keçmədi. Bunlar artıq təşkilatlanmış çoxminli yürüş, parad keçirdilər. Keçirilən əməliyyət tədbirlərində digər zonalarda da ekstremist şəxslərin həbsi və silah sursatların aşkarlanması baş verdi”.

İlqar Altay onu da əlavə etdi ki, proseslər daha da dərinləşəcək və yeni ekstermist simalar, qanunsuz silahlar ələ keçəcək:

“Bunlar hamısı göstərir ki, bu gün dövlətçiliyimiz din pərdəsi altında geosiyasi məqsədlər həyata keçirən geniş və gizli bir şəbəkə ilə üz-üzədir. Şəbəkənin öz agenturası, beyin mərkəzi, ideoloqları, güclü maddi imkanları və yerlərdə icraçıları var. Bu səbəbdəndir ki, bu ətrafda istintaq və əməliyyat tədbirləri bitmək bilmir. Davam etdikcə yeni yeni pozucu qruplar, simalar, silahlar üzə çıxır. Düşünürəm ki, bu məsələnin kökü getdikcə hələ üzə çıxacaq, ifşa prosesi bununla bitməyəcək. Bütün bunları nəzərə alsaq, Nardaranda silah aşkarlanmasının davam edəcəyi təəccüblü görünməməlidir. Çünki, Nardaranda əvvəllər hansısa tək-tük kriminal insanlar silah əldə edib saxlayırdı. Bu gün isə söhbət bu kənndə dövlətçiliyə qarşı mütəşəkkil ekstremist qrupun müəyyən mənbə tərəfindən təchizatından gedir”.

"Polisə Dəstək” İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev bildirdi ki, Nardaranda silahların olması hüquq-mühafizə orqanlarına əvvəlcədən məlum idi:

“Nardaranda keçirilən əməliyyatlar zamanı Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri sakinlərə müraciət etdi ki, əgər onlarda qanunsuz silah varsa, onu hüquq-mühafizə orqanlarına təhvil versinlər. Bu əslində çox şeydən xəbər verirdi. Demək ki, Nardaran sakinlərində qanunsuz silahların olması ilə bağlı rəsmi dairələrdə məlumatlar var imiş. Lakin sakinlər bu müraciətə başdansovdu yanaşdılar. Buna görə də Daxili İşlər Nazirliyi bu günə qədər demək olar ki, hər gün Nardaranda qanunsuz silahların tapılması istiqamətində əməliyyat keçirir. O ki qaldı silahların hansı yolla əldə edilməsinə, düşünürəm ki, bu silahlar ölkəmizə daha çox qonşu ölkələrlə sərhəddən qanunsuz olaraq keçirilir. Nardaranlıların silahla bağlı təchizatında İran izini axtarmaq lazımdır. Çünki, Nardaranda baş verən hadisələrə qarşı İran siyasiləri qıcıqlandırıcı mövqe sərgilədilər. Güman ki, bu insanları silahla təchiz edənlər İran tərəfidir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7245