Bank müdirini öldürənlərə hökm oxundu


20:44     12 Yanvar 2016 397264.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun cinayət işi üzrə məhkəmə başa çatıb.


Femida.az report-a istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror S.Quliyevin ömürlük, M.Səfərovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu il aprelin 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələrilə ittiham ediliblər.

Açar sözlər:

Oxunub: 1068