Tağı Əhmədov YAP-ın binasında adam döyübmü? - 2 milyonluq məhkəmənin detalları


18:17     06 Fevral 2022 22_02_06_1644153486.jpg

Bu günlərdə səhhəti heç də yaxşı olmayan, özünün də təsdiq etdiyi kimi onurğa xəstəliyi ilə bağlı hərəkət qabiliyyətini itirən Tağı Əhmədov - “Bakı Metropoliteni”nin keçmiş rəhbəri və YAP-ın Yasamal təşkilatının keçmiş sədri partiyanın binasında adam döydüyü üçün istintaqda dindirilib. Lakin ifadəsində bu deyilənləri təsdiq etməyib.

Femida.az xəbər verir ki, bu epizod barədə Tağı Əhmədovun sələmə verdiyi 2 milyon manatın mənimsənilməsi işi üzrə davam etməkdə olan məhkəmədə danışılıb. Tağı Əhmədovun YAP-ın Yasamal təşkilatının binasında ona sələmlə pul verdiyini, qaytara bilməyəndə isə onu döydüyünü iddia edən Səadət Xəlilov onun məhkəmədə dindirilməsini tələb edir. Xəlilovun vəkili Hafiz Ələsgərov fevralın 4-də məhkəmədə bu barədə vəsatət qaldırıb. Vəkil deyir ki, aylardır bu məhkəmə prosesi davam edir və hər iclasda da Tağı Əhmədovun adı çəkilir.

Xəlilov 2 milyon manatlıq dələduzluqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, o, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən mərmər biznesi adıyla pul alıb, sonra onu aldadaraq geri qaytarmayıb. Əliyev də bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Xəlilov isə deyir ki, yalandır. Pulun sahibi Əhmədovdur. Onun sözlərinə görə, "Bakı Metropoliteni"nin sabiq rəisi pulu ona faizlə verib. Əvvəl 200 min, sonra 800 min, daha sonra 1 milyon manat sələmlə pul verib. Bunun müqabilində Əhmədova müəyyən qədər faiz də ödənilib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan İran və Qazaxıstandakı tərəfdaşları mərmərləri göndərmədiyindən biznes uğursuzluğa uğrayıb, pulu ödəyə bilməyib. Problemlər yarananda isə Tağı Əhmədovun həm özü, həm də qohumları tərəfindən zorakılığa məruz qalıb.

"Elə bir məhkəmə iclası olmayıb ki, orada Tağı Əhmədovun adı çəkilməsin. Hüquqlarını müdafiə etdiyim şəxslə Tağı Əhmədov arasında dəfələrlə telefon danışıqları olub. Xahiş edirəm, mobil operatora sorğu göndərilsin, müvəkkilimlə Tağı Əhmədov arasındakı telefon danışıqları haqda məlumat alınsın. Müvəkkilim bildirir ki, Tağı Əhmədov pulu ona YAP-ın binasında verib, onu YAP-ın binasında döyüb. Xahiş edirik, Tağı Əhmədov məhkəməyə çağırılsın...", - vəkil bildirib.

Müdafiəçi xatırladıb ki, metropolitenin sabiq rəisi bu iş üzrə istintaqda dindirilib. Ona görə məhkəmədə də dindirilməsi vacibdir.

Təqsirləndirilən Xəlilov özü də onun məhkəməyə gəlməsini istəyib: "Mənim də ona veriləsi suallarım var".

Amma hakimlər buna razılıq verməyib. Əvəzində Əhmədovun istintaqdakı ifadəsini məhkəmədə elan ediblər. Həmin ifadədə Tağı Əhmədov Səadət Xəlilovun YAP-ın Yasamal təşkilatında onun kabinetində olduğunu təsdiqləyib: "Təxminən dörd-beş il əvvəl dostum Soltan məndən borc pul istədi. Dedi ki, Səadət adlı tanışı mərmər işiylə məşğuldur, onlar birlikdə işləyəcəklər. Soltan Səadəti mənim otağıma gətirmişdi. Dedim ki, sizin işinizə qarışmayacam, məni maraqlandırmır".

Xəlilov pulu qaytara bilməyəndə onu YAP-ın binasında döyməsi barədə təqsirləndirilən şəxsin dediklərinə gəlincə, T.Əhmədov ifadəsində bunu təkzib edib: "Elə şey olmayıb".

Səadət Xəlilov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, bir neçə il əvvəl də Tağı Əhmədovun adı məhkəmələrdə zərərçəkən qismində. Çünki "Bakı Metropoliteni" QSC-yə rəhbərlik etdiyi dövrdə MTN generalı Akif Çovdarov onu həbslə qorxudub 3 milyon dollarını almışdı. T.Əhmədova qarşı kompromat kimi onun metrodan jetonları oğurlaması, metro keçidlərində ticarətdən daxil olan pulları mənimsəməsi və s. istifadə olunmuşdu.

Açar sözlər:

Oxunub: 618