İlkin Süleymanovun əmisi oğlu məhkəmədə ifadə verib


20:46     30 Mart 2022 22_03_30_1648655213.jpg

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Femida.az-ın məlumatına görə, məhkəmə prosesində təqsirləndirilən şəxsin əmisi oğlu keçmiş polis Murad Süleymanov ifadə verib:

"Xidmətdə olduğum zaman əmim oğlunun qonşusu, Nazim Vəliyev mənə zəng edib dedi ki, İlkinlə bir yerdəyik və evimin hasarının yanında meyit yanır. Mən də məsələ ilə bağlı o vaxt polis rəisi olan Şirzad Əsgərova zəng edib məlumat verdim. Oda mənə dedi ki, maraqlan gör meytin üzərində və yağınlığında qırmızı gödəkcə var, ya yox? Məndə təzədən Nazimə zəng edib maraqlandım oda dedi ki, hə. Dedim siz meyti söndürün mən də gəlirəm. Hadisə yerinə gəldim gördüm ki, İlkinlə Nazim meyti söndürməyə çalışır mən də onlara köməklik etdim və meyti söndürdük. Həmin vaxt istintaqda lazım olar deyə İlkinlə Nazimə mən demişdim ki, video çəkiliş edin. İlkin ona görə telefonla çəkiliş etmişdi. Gecə hadisə yerinə Şirzad Əsgərov da gəldi. Dedi ki, meyiti ilk kim görüb elə İlkin özü dilləndi ki, mən gördüm sonra Nazimə dedim. Sonra da onlar mənə zəng edib bildirib. Elə bu sözü dedikdən sonra Şirzad Əsgərov polis əməkdaşlarına tapşırıq verdi ki, İlkini aparın şöbəyə, heçkimlə görüşməyə də icazə verməyin özüm gələcəm. Sonra gecə saatlarında rəis və polis əməkdaşları əmimin evinin önünə gəldi məni də çağırdılar dedilər evdəkilər çıxsın küçəyə, hərkəsi evdən uzaqlaşdırdıqdan sonra İlkini gətirib evdə sorğu sual ediblər və sonrada eşitdim ki, bəs İlkin orda cinayəti boynuna alıb. Nərmin itdiyi gündən kənd ərazisində, əkin sahələrində, otlaq və ağaclıq ərazilər və Nərminin bir neçə qohumlarının evinə baxış olub".

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 6-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Açar sözlər:

Oxunub: 356