Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək


09:11     31 Mart 2022 22_03_30_1648668590.jpg

Avropa İttifaqı bu gün Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi edib.

Femida.az bu barədə Aİ-nin saytına istinadən xəbər verir.

Görüş hər iki ölkə arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.

Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, bugünkü görüşdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak edib.

Hikmət Hacıyev və Armen Qriqoryan substantiv müzakirələr zamanı 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərinin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycanla Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti kimi məsələlərin spektrini nəzərdən keçiriblər. Belə ki, liderlərin əvvəlki görüşündə qaldırılan məsələlərlə yanaşı, sülh sazişinin perspektivləri ilə bağlı müzakirələri davam etdirmək üçün növbəti həftələrdə yenidən görüşü barədə razılığa gəlinib.

Xatırladaq ki, 2021-ci il dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Üçtərəfli görüşün, habelə Azərbaycan Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Açar sözlər:

Oxunub: 380