Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır


10:11     13 Aprel 2022 22_04_13_1649828099.jpg

Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Seyfulla Cəbiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Femida.az xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı hələ məlum deyil.

Qeyd edək, hadisə bu ilin yanvarında qeydə alınıb. Belə ki, 2022-ci il yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə kənd sakini, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilən gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Q.Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Q.Cəbiyevin yanvarın 3-də, gecə saatlarında mübahisə zamanı qardaşı, 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən S.Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilən, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

S.Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Açar sözlər:

Oxunub: 404