Polisin avtomobilinə zərər vuranı hansı cəza gözləyir?


17:57     18 Fevral 2016 polis%20avt.jpg

Dünən sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisə Bakı şəhərində baş tutub.


Hadisəni əks etdirən foto və videolar qısa bir zamanda sosial şəbəkələrdə yayılıb.

Bəs görəsən, həmin hadisəni tərədən şəxs hansı məsuliyyətə cəlb olunur?

Femida.az hüquqşünas mövqeyin öyrənib.

Hüquqşünas Ərşad Hüseynov Femida.az-a açıqlamasında bildirdi ki, bu özgə əmlakına zərər vurmaq kimi dəyərləndirilir və həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur:



“Belə hadisə baş verdiyi təqdirdə başqasının əmlakına qəsdən zərər vurma maddəsi ilə cinayət işi açıla bilər. Qeyd etmək lazımdır ki, əmlakın xidməti avtomobil olub-olmamasından asılı olmayaraq həmin maddə ilə cinayət işi açılır. Əmlak dövlət əmlakı da ola bilər, bələdiyyə əmlakı da ola bilər, xüsusi əmlak da ola bilər. Yəni bütün hallarda eyni qayda tətbiq olunur. Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər zərərçəkmiş şəxsə külli miqlarda ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 2911