İdman xərçəngin qarşısın alır


00:41     19 Fevral 2016 idman6.jpg

Finlandiya alimləri xərçəng xəstəliklərinin profilaktikasında idmanla məşğul olmağın əhəmiyyətini vurğulayırlar. “Yaxşı qulluq” adlı təlimat toplusunun son variantında bildirilir ki, fiziki fəallıq xərçəngin qarşısını almağa, habelə xəstəliyin müalicəsindən sonra orqanizmin sürətlə bərpa olunmasına kömək edir.


“Suomen syöpäyhdistys” Onkoloji Xəstəliklərin Ekspert Təşkilatının baş həkimi Eva Olillanın sözlərinə görə, xərçəngə qarşı mübarizədə idmanın faydasını sübut edən faktlar çoxalır. O deyib: “Hazırda elmi surətdə sübut olunub ki, bədən tərbiyəsi döş və yoğun bağırsaq xərçənginin qarşısını alır. Məsələn, həftədə 7 saatdan az olmayaraq idmanla məşğul olan adamda döş xərçəngi ehtimalı fiziki cəhətdən passiv adamlardan 25 faiz azdır”.

Həmçinin sübut edilib ki, bədənin normal kütləsinin saxlanması xərçəngin digər növlərinin, o cümlədən qaraciyər, mədəaltı vəzi və qida borusu xərçənginin inkişafı ehtimalını azaldır.

Həkimlər xatırladırlar ki, siqaret çəkmək xərçəngin inkişafına kömək edən mühüm faktordur. Finlandiyalı qadınlar arasında döş, kişilərdə isə prostat vəzinin xərçəngi daha çox yayılıb.

Hər il Finlandiyada 15 mindən çox qadına, 16 mindən çox kişiyə xərçəng diaqnozu qoyulur.

Son elmi məlumatlara əsasən, hər on xəstədən birində xərçəngin yaranması genetik meyllə bağlıdır. (Azərtac)

Açar sözlər:

Oxunub: 1192