Fazil Mustafadan Əflatun Amaşova CAVAB


15:22     06 İyun 2015 AU6yK41WuF7b.jpg

"Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşovun son açıqlaması məni xeyli təəccübləndirib".

Femida.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb:

"Əflatun bəy bildirib ki, Facebookda bir sıra profil və qruplar var ki, təhqir, böhtan, tərbiyəsizliklə məşğuldurlar. Bu həqiqətən də belədir və qanunvericilikdə bu kimi fəaliyyətlə məşğul olanlaqa qarşı müvafiq məsuliyyət normaları nəzərdə tutulub. Təbii ki, internet məkanına total mənada dövlətin müdaxilə etmək imkanı olmadığından Facebook təsisçiləri ilə əlaqəli bu problemin həlli yollarını axtarmaq olar. Təhqir məqsədi ilə yaradılan belə profillərə qarşı hamının birlikdə mübarizə aparması vacibdir. Bizlər də arasıra bəzi xəstə insanların idarə etdiyi profillərdən təhqirlər alırıq və bu kimi davranışların, əslində Azərbaycanda sosial şəbəkədə mədəni müzakirələrin aparılmasını əngəllədiyini görürük. Bu məsələdə Mətbuat Şurasının sədri haqlıdır. Ancaq Əflatun bəyin "əgər bağlamasalar, onda Azərbaycanda Facebook" bağlanmalıdır" ifadəsi mediada olduğu kimi yayınlanıbsa, bu, olduqca mürtəce bir çağırışdır, media sektorunda ön cinahda olan insanların belə çağırışlar etməsi olduqca üzücüdür. Sanki bir anormal yazıçıya görə kimsə Yazarlar Birliyinin bağlanmasını tələb edir, hansısa dadsız yeməyə görə kimsə restoranın bağlanmasını tələb edir, hansısa sərxoşun törətdiyi qəzaya görə, əhalinin avtomobil idarə etməsinin qadağan olunmasını kimsə tələb edir, bir aparıcının səfeh sözünə görə televiziya kanalınn bağlanmasını kimsə tələb edir və s. Bu həm mümkün deyil, həm də müasir texnoloji imkanlardan insanlarımızın istifadə imkanlarını məhdudlaşdırmaqdır. Əksinə, Facebookda daha mədəni ictimai müzakirə və paylaşım mühitinin yaradılması üçün təbliğat işi aparmaq ən optimal yoldur. Ümid edirəm ki, hörmətli Əflatun bəy, Facebookun bağlanması barədə təklifində israrlı olmayacaq.

Qeyd edək ki, MŞ sədri Əflatun Amaşov dünən səsləndirdiyi fikirlərə elə "facebook" hesabında yenidən aydınlıq gətirmişdi: "Fikirlərimin "Facebook"un bağlanmasına çağırış kimi qiymətləndirilməsinə, tam əmin olun ki, Azərbaycanda belə bir geriyə addım heç vaxt ola bilməz. Sadəcə, irəliyə doğru addımlarımız hər bir kəsin hüquqlarına hörmət üzərində qurulmalıdır”.

Açar sözlər:

Oxunub: 797