Turizm Fondları yaradılacaq


22:58     30 Mart 2016 turizm9.jpg

“Azərbaycanda bu günədək Sahibkarlığa Yardım Fondu vasitəsi ilə verilən vəsaitlər və digər formada xarici investisiyaların həcmi istənilən məsələlərə nail olmağa kifayət etmir. Ona görə də Turizm Fondlarının yaradılması və daha cevik maliyyə mexanizmlərinin yaradılması və bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsini nəzərə alaraq, həmin məsələni qanuna əlavə etdik”.


Femida.az-ın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” yeni qanun layihəsinin ilkin variantının müzakirəsi zamanı deyib.

M.Qəhrəmanov deyib ki, turizm infrstrukturunun yaradılması çox vacib məsələlərdən ibarətdir: “Regionlarda yollarla, infrastrukturlarla bağlı layihələr həyata keçirilir. Lakin Azərbaycanı həmişə nümunə kimi göstərdiyimiz Türkiyə, İtaliya, İspaniya kimi turizm ölkəsinə çevirmək istəyiriksə, mütləq müəyyən turizm və rekreasiya zonaları yaradılmalıdır. Həmin zonalara dövlətin dəstəyi ilə birdəfəlik maliyyə vəsaitləri cəlb olunmalıdır. Həm yerli, həm də xarici investorların köməyindən istifadə edərək yataq yerlərinin sayını maksimuma çatdırmalıyıq. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsinin yollarının biri yataq yerlərinin sayının çox olmasıdır. Bununla bağlı biz infrastuktur üçün dövlət idarəetmə tələbləri məsələsini ortaya qoymuşuq. Bu məsələ turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşmasına yardım edəcək”.

M.Qəhrəmanov deyib ki, layihəyə əsasən, ölkənin mövcud turizm potensialının, xidmətlərin həm yerli, həm də xarici səviyyədə tanıdılması, yəni reklam məqsədləri üçün idarəetmə formatında turizm bürolarının yaradılması planlaşdırılır. Həmin bürolar vasitəsi ilə regionlarda turizm xidməti sahələrinin formalaşmasına, onun təşviqi işinin gücləndirilməsi təsir göstərəcək. Bununla yanaşı, layihədə Turizm İnformasiya mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, onların müasir dövrün tələblərinə cavab verən formada qurulması məsələsi ortaya qoyulub.

M.Qəhrəmanov qeyd edib ki, hazırkı qanundan fərqli olaraq, yeni qanun layihəsində turizm növləri ayrıca qeyd edilib: “Lakin bu, o demək deyil ki, bu gün Azərbaycanda yalnız bu turizm növləri var. Azərbaycanda turizmin çox geniş növləri var. Lakin digər ölkələrin təcrübəsi və Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə, bu növ turizmə dövlətin dəstəyini nəzərə alaraq, onları qanun layihəsinə salmışıq.

Nazirlik rəsmisi deyib ki, əsas məsələlərdən biri turistlərin təhlükəsizliyini təmin edən turist marşrutlarının yaradılması, onların pasportlaşdırılmasıdır: “Azərbaycanda mövcud olan qeyri-maddi abidələr bizə imkan verir ki, ölkəmizi kifayət qədər cəlbedici turist məkanına çevirmək üçün turist məhsulu yarada bilək”.

Açar sözlər:

Oxunub: 853