Daha bir siqaret qaçaqmalçılığı


20:44     02 Aprel 2016 siqaret%20qacalq.jpg

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və realizə edilməsi cəhdlərinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, əməliyyat da həyata keçirilən tədbir nəticəsində Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun qarşısında duran “VAZ 21099” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin salonundan Belarus Respublikasının aksiz markası ilə markalanan cəmi 39 min ədəd “NZ Gold Compact”, “NZ Black Compact” və “NZ Sun” adlı siqaretlər aşkar olunaraq götürülüb.

Digər əməliyyat məlumatı əsasında isə Xaçmaz şəhərindəki “Şahzadə” şadlıq sarayının qarşısında duran və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 2102” markalı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı isə avtomaşının yük yerindəki 3 ədəd çantadan Belarus Respublikasının aksiz markası ilə markalanan 60 min ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib.

Bundan başqa, Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi “VAZ 21099” markalı nəqliyyat vasitəsinə baxış nəticəsində avtomaşının qapılarında üzlüyün altında gizlədilmiş 18 min 200 ədəd “NZ Gold Compact” markalı siqaretlər, eləcə də 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 804