Erməni yalanları AŞPA-da ifşa edildi


00:59     19 Aprel 2016 publika.az1414238491semedseyidov.jpg

Aprelin 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda işə başlayan yaz sessiyasının iclasında Ermənistan nümayəndə heyətinin üzvləri Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamaqda ittiham etmək istəyiblər, lakin onların bu cəhdləri boşa çıxıb. Ənənələrinə uyğun olaraq çeynənmiş sözlərdən istifadə edən erməni deputatlar hətta ədalətli mövqe sərgiləyən AŞPA-nın sədri Pedro Aqramuntu Azərbaycanı dəstəkləməkdə ittiham etməkdən belə çəkinməyiblər ki, bu da Assambleya üzvlərinin etirazı ilə qarşılanıb.

Erməni deputatlardan sonra çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu ittihamlara cavab verərək Ermənistanın hərbi təxribatlar törətdiyini və bunun da məhz indi - Azərbaycanın Avropa qurumları ilə yaxınlaşdığı bir vaxtda baş verməsinin təsadüfi olmadığını söyləyib: “Buradakı çıxışlarda qeyd olundu ki, son vaxtlar Azərbaycanda bir çox irəliləyişlər baş verib. Ölkədə liberal siyasi, iqtisadi islahatlar həyata keçirilir və Azərbaycanla Avropa arasındakı münasibətlərin güclənməsinə xidmət edən digər addımlar atılır. Bunlar Azərbaycanın Avropa Şurasındakı gələcəyi üçün çox vacib amillərdir. Amma Ermənistanın Azərbaycana qarşı apardığı cinayət xarakterli hərbi təxribatların vaxtı təsadüfən seçilməyib. Azərbaycan Qərb dünyası ilə yeni sıx əlaqələrin qurulması istiqamətində çalışdığı, ölkədə liberal islahatların həyata keçirildiyi bir vaxtda belə təxribatlar baş verir. Əgər biz təcavüzkarın sözü ilə oturub-dursaq, cinayətkarları cəzalandırmasaq, heç vaxt müsbət nəticələr əldə edə bilməyəcəyik və bu da həmişə yeni faciələrə aparacaq”.

Səməd Seyidov Assambleyanın yanvar sessiyasında Dağlıq Qarabağla bağlı hesabatın qəbul olunmamasından təəssüflənərək, bunun son günlər baş verən gərginliklərə birbaşa təsirinin olduğunu bildirib. O, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və digər 7 rayonunda ermənilər tərəfindən etnik təmizləmə aparıldığını vurğulayıb. Qeyd edib ki, hazırda Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə, o cümlədən Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır.

S.Seyidov deyib: “Biz hər zaman sülh tərəfdarı olmuşuq və mən təklif edirəm ki, azərbaycanlı, erməni deputatlar, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər və Qarabağdan qovulan azərbaycanlılar burada, Avropa Şurasında bir araya gəlsinlər və biz qanlı münaqişədən çıxış yolunu tapaq”. (Azərtac)

Açar sözlər:

Oxunub: 1028