Sarkisyanın Qarabağa gəlişinin arxasında nə dayanır? - ŞƏRH


04:24     19 Aprel 2016 sarkisi%20dc.jpg

"Ermənistan prezidenti Serj Sarkisyanın Xankəndinə gəlməsində iki məqsədi var. Onun birinci məqsədi Dağlıq Qarabağ əhalisinə ürək-dirək verməkdir ki, qorxmayın arxanızda Ermənistan və onun ordusu dayanıb. Dolayısıyla bu o deməkdir ki, Sarkisyan da anlayır ki, 2-6 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisi qorxu içindədir. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun".



Femida.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Serj Sarkisyanın işğal altında olan Qarabağa gəlməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Sarkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir: "Yəni Sarkisyan ona ümid edir ki, o Xankəndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin və o beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur. Ona görə də Sarkisyana bu fürsət vermək lazım deyil, görüşlərini keçirib helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi bölgənin erməni əhalisini ruhlandırmayacaq. Sarkisyan yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib çıxıb gedəcək. Biz isə öz işimizi davam etdirməliyik, hər gün, hər saat işğalçı snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, dronlarımız əvvəlkitək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sarkisyanın Xankədinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar".

Açar sözlər:

Oxunub: 3673