Sarkisyanın büdcə fırıldağının üstü açılıb


23:58     22 Aprel 2016 600@0%20(22).jpg

O, dövlət büdcəsindən polisə ordudan daha çox pul ayırır.
Ermənistan prezidenti Serj Sarkisyan ordudan çox polisə pul ayırır. ANS PRESS-in məlumatına görə, bu iddia ilə "Aykakan Jamanak" qəzeti çıxış edib.



"Ötən il Rusiyanın ayırdığı kreditlər hesabına silahlar alınmalı idi".
"2014-cü ildə Ermənistan ordusuna ayrılan vəsait 2015-ci illə müqayisədə 4,2% artırılıb, polisə ayrılan pul 13,7% artıb”, - "Aykakan Jamanak" qəzeti yazıb.

Qəzet yazır ki, bu məlumatlar 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatda qeyd edilib. Hesabat ötən gün Ermənistan hökumətinin iclasında açıqlanıb.

Büdcə hesabatında bildirilir ki, ötən il Rusiyanın ayırdığı kreditlər hesabına silahlar alınmalı idi. “Amma razılaşma bu ilin fevralında qüvvəyə minib”, - qəzet yazır.

Ermənistan əhalisi aprelin 2-nə qədər ordularının çox güclü olduğunu düşünürdülər. Amma Ermənistanın təxribatlarına qarşı Azərbaycan ordusunun gördüyü cavab tədbirlərindən sonra ölkə mətbuatında və cəmiyyətində ciddi ruh düşkünlüyü yarandı.

Ermənistan cəmiyyətində bəlkə də ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycanın sahib olduğu müasir silahlardır. Ölkə mətbuatında yazılan məqalələrdə hərbi ekspertlərə ən çox verilən suallardan biri budur ki, Ermənistan ordusu niyə bu tip müasir silahlara malik deyil?


Ermənilərin arzusunda olduğu Azərbaycan silahları
Niyə silah istehsalı üçün Ermənistanın öz mütəxəssislərindən istifadə olunmur? Niyə dövlət büdcəsində silahlanma üçün az pul ayrılır? Bu suallar həmçinin ermənilər tərəfindən sosial şəbəkələrdə də müzakirə olunub.

Bütün bu tipli sualların cavabı eyni olub. Ekspertlər deyiblər ki, Ermənistan rəhbərliyi müharibə şəraitində yaşamalarına baxmayaraq orduya lazımi qədər pul ayırmır. Həmiçinin ölkə rəhbərliyi də orduda çox köhnə silahların olduğunu etiraf edib. Serj Sarkisyan mətbuata açıqlamasında bildirdi ki, Ermənistan ordusu 80-ci illərin silahları ilə döyüşür.

Hazırda Ermənistan Rusiyadan aldığı kreditlər hesabına Azərbaycan ordusunda olan silahlardan əldə etmək istəyir. Ermənistanın ən çox arzu etdiyi silahlar “Smerç” və “Uraqan”dır.

Sarkisyanın ordudan daha çox polisə pul ayırması barədə məlumatlar isə cəbhədə vəziyyət gərginləşəndən sonra ortaya çıxıb. Bir neçə ildir ki, ölkədəki iqtisadi çətinliklərə görə, Sarkisyana qarşı etirazlar pik həddə çatıb. Demək olar ki, hər gün İrəvanın meydanlarında etiraz aksiyaları keçirilir. Cəbhə xəttində məğlubiyyətlər isə Ermənistan əhalisinin səbrini daha da daraldıb. Yəqin ki, Sarkisyan Ermənistanda baş verə biləcək kəskin etirazlara görə polisə ordudan daha çox pul ayırır.

Açar sözlər:

Oxunub: 1951