“Biz müsəlmanıq, siz yox" - Dindarların məhkəməsində qalmaqal


16:52     25 Aprel 2016 d3fefd832ae7b397ff924d982bc1a56e.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə - Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Lent.az-ın məlumatına görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Proses başlamazdan əvvəl təqsirləndirilənlərlə valideynləri arasında qalmaqallı dialoq olub. Valideyni təqsirləndirilən şəxsə əqidəsindən əl çəkməyi tövsiyə edib: "Siz bu əqidəylə heç zaman irəli gedə bilmərsiz. Siz səhv yoldasız. Özüm də namaz qılıb, oruc tuturam. Qurana əl basaram ki, sizin əqidəniz yanlışdı. Hamımızın bir allahı var. Müsəlmanıq. Niyə qırırsız bir birinizi? Bunu müsəlmanı sevməyənlər edir. Sizin ağlınızı alırlar. Yolunuza qayıdın, haqqınıza qayıdın. 9 milyonun başı çatmır, sizinki çatır"?.

Təqsirləndirilən şəxs atasının fikirləri ilə razılaşmayıb. O, atasına etiraz edib: "Biz müsəlmanıq, siz yox. Allah sizin də hidayətinizi versin. Görəcəksiniz biz düzük. Hökm yalnız Allaha məxsusdur. Peyğəmbərimiz də bu yola çıxanda tək idi. Bizi sonra anlıyacaqsız".

Bu zaman hakimlər kollegiyası zala daxil olub. Prosesdə şahid qismində Xətai Rayon Polis İdarəsinin əməkdaşları Arif Hüseynov və Zamiq Tağıyev ifadə verib. Arif Hüseynov ifadəsində Fəxri Şirinzadənin həbsi ilə bağlı danışıb: " 35-ci polis bölməsindəydik. Bu şəxsi saxlamışdılar. Bölməyə gətirdilər. Üzərində axtarış aparılan zaman tapança aşkarladıq. Həmin an bunu protokollaşdırdıq".

Digər polis əməkdaşı Zamiq Tağıyev isə ifadəsində post-patrul xidmətində çalışdığını deyib: "Ərazimizdə mağazanı soyurdular. Onların içində Fəxri Şirinzadə də var. Biz onları təqib edib, yaxaladıq".


Proses mayın 2-də davam edəcək.


Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Rəşad Həşimli və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vincester” markalı tüfəng, “Revolver” tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri – Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, bu il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə, 1 ov tüfəngi oğurlamaları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etdikləri də məlum olub.

Açar sözlər:

Oxunub: 4486