Tarixi binalar hansı hallarda sökülür?


17:00     18 May 2016 605823_418209.jpg

Son zamanlar Bakıda yerləşən və çox qədim tarixə malik bəzi binaların sökülməsi halları ilə qarşılaşırıq. Sonuncu dəfə 2 gün əvvəl Abbas Mirzə Şərifzadənin yaşadığı tarixi bina sökülmüşdü.


Qədimliyi ilə göz oxşayan və Bakının 2-3 əsrlik tarixinə şahidlik edən həmin binaların sökülməsi cəmiyyətdə böyük narazılıq yaradır. 100 ildən çox yaşı olan həmin binalarda əslində bir tarix yatır. Bu tarixi yaşatmaq varkən, niyə sökürük?

Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşının Femida.az-a verdiyi məlumata görə, Nazirlər Kabinetinin siyahısında yer alan binalar tarixi abidə kimi qorunur:

“Respublika əhəmiyyətli magistral yolların çəkilişi ilə bağlı bəzi binalar sökülə bilər. Azərbaycan Dövlət Dram Teatrının yanından İşərişəhərə gedən yolda çox sıxlıq müşahidə olunur. Günorta çağı ümumiyyətlə maşınların hərəkəti mümkün olmur. Yeni yol çəkildikdən sonra isə 3-5 dəqiqəyə həmin ərazini qət etmək mümkün olacaq. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə siyahıya daxil olmuş binalar abidə kimi dövlət tərəfindən qorunur. Şərifzadənin yaşadığı ev isə tarixi abidə kimi Nazirlər Kabinetinin müəyyən etdiyi həmin siyahıda yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl Bakının mərkəzində yerləşən tarixi “Fantaziya” hamamının sökülməsi ilə bağlı müxtəlif məlumatlar yayılmışdı. Lakin sonradan Mədəniyyət və Turizm Nazirliyi bu məlumatı yalanladı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2883